GündəmManşetSiyasət

Rusiyalı diplomatın cavabının təhrif edilməsi hiddət doğurur – Deputat

“Rusiyanın Xarici İşlər Nazirliyinin Mətbuat və informasiya departamentinin direktor müavini Artyom Kojinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ona ünvanlanmış suala cavabının sonradan təhrif edilməsi hiddət doğurur. Bu, bilərkəndən edilib. Başqa cür düşünmək üçün əsas yoxdur”.
Aktor.Az xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz “Facebook” səhifəsində yazıb. Qeyd edib ki, məsələ ilə bağlı Rusiyanın Azərbaycandakı Səfirliyinə, Rusiyanın jurnalist təşkilatlarına və ölkənin Xarici İşlər Nazirliyinə müraciət etməyi planlaşdırır: “Mətbuat konfransı ilə bağlı yayılmış video-görüntüdə Rusiyanın Xarici İşlər Nazirliyi rəsmisinin Trend İnformasiya Agentilyinin müxbirinə konkret cavab verdiyi əksini tapıb. Cavabdan hər şey adındır. Kojin açıqca bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT tərəfindən müəyyənləşdirilmiş həlli yollarına uyğun gəlməyən hay-küylü bəyanatlar qeyri-konstruktivdir. Rusiya XİN rəsmisinin bu fikri Ermənistanın baş nazirinin bir müddət öncə Xankəndində səsləndirdiyi fikirlərə cavabdır. Trend İnformasiya Agentliyinın müxbiri də sualını məhz bunu aydınlaşdırmaq məqsədilə verib. Sonradan Rusiyanın Xarici İşlər Nazirliyinin saytında Kojinin münasibətinin fərqli şəkildə təqdim edilməsi isə təəssüf doğurur. Belə çıxır ki, Rusiya XİN mətbuat katibliyinin rəsmisi əslində azərbaycanlı jurnalisti ittiham edir”.
Millət vəkili vurğulayıb ki, diplomatik ənənələrə malik, hazırda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin xarici siyasət idarəsindən belə qeyri-ciddilik gözlənilməzdir: “Əslində məsələnin arxasında nə dayanır? Bu qeyri-ciddilik nə ilə bağlıdır? Məlumdur ki, Kojinin fikirləri Ermənistan mediasında və siyasi dairələrində birmənalı qarşılanmadı. Hətta bildirilmişdi ki, son 15 ildə Rusiya tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana yönələn belə sərt münasibət olmayıb. Rusiya bundanmı qorxdu? Yoxsa, Kojinin fikirlərinin dəyişdirilməsi siyasi dairələrdə ermənipərəst kimi qiymətləndirilən Lavrovun tərəfkeşliyinin nəticəsidir? Bəlkə Lavrov danışıqlar prosesini uzatmaq üçün yeni cəhd edir. Hər bir halda bütün bunlar super dövlət iddiasında olan Rusiyanın xarici siyasət fəaliyyətinə nüfuz gətirmir”.
Şura sədrinin fikrincə, daha bir hiddət doğuracaq məqam ondan ibarətdir ki, Rusiya XİN jurnalistikanı bir növ alətə çevirir: “Jurnalistin qeyri-ciddi obrazını yaradır. Sanki jurnalistin boynuna hər şeyi qoymaq olar. Belə yol seçmək bu qədərmi asandır? Hər kəsin gördüyü həqiqəti danmaq. Özü də nəyə görə? Ermənistana görəmi? Rusiya üçün Ermənistan bu qədərmi qorxuludur. Ya Rusiyanın özü Lavrovdan qorxur?! Yenə də deyirəm, hər şey göz qabağında olub. Jurnalistin sualı da, ona verilən cavab da. Ancaq dünya tarixində bu cür manipulyasiyalar olmayıb. Çox təəssüf…”.