Xəbər xətti

Bələdiyyə sədri məhkəməyə müraciət edəcək

“Ötən gün baş vermiş hadisədə Biləcəri bələdiyyəsinin adının hallandırılması, hadisənin guya otağımda baş verməsi və hətta mənə qarşı hər hansı təzyiqin göstərilməsi həqiqətə uyğun deyildir. Aydınlaşdırılmamış, dəqiqləşdirilməmiş məlumatın verilməsi media prinsiplərinə uyğun deyildir.

Bunu şərəf və ləyaqətimə qarşı atılmış qərəzli addım hesab edirəm. Xəbəri ictimailəşdirən saytlar təkzib verməsələr bununla bağlı məhkəməyə müraciət edəcəyəm”- bu fikirləri Belediyye.info-ya Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib.

Onun sözlərinə görə, ötən gün baş vermiş hadisəylə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, bununla bağlı artıq araşdırma aparılır. Baş vermiş hadisənin bələdiyyəyə heç bir aidiyyəti yoxdur.

Xatırladaq ki, ötən gün bu barədə məlumatı media orqanları rayonun hüquq-mühafizə orqanlarına istinadən yaymışdı.

Məlumatda bildirilirdi ki, “xoşagəlməz insident mayın 29-da, gündüz saatlarında bələdiyyə sədrinin Biləcəri qəsəbəsindəki kabinetində baş verib.

Sözügedən rayonun 6-cı polis bölməsinə belə bir məlumat daxil olub ki, yerli sakinlər — Bəykişi Baxışov (1964-cü il təvəllüdlü) və Natiq Qasımovun (1980-ci il təvəllüdlü) ucbatından bələdiyyə sədri Hikmət Quliyev (1983-cü il təvəllüdlü) və inzibati ərazi üzrə nümayəndə İbad İbrahimov (1960-cı il təvəllüdlü) xəsarət alıb.

Hüquq mühafizəçilərinin bildirdiyinə görə, kişilər arasındakı münaqişə Biləcəri qəsəbəsi ərazisində aparılan tikinti işləri səbəbindən yaranıb. Bələdiyyədən bildiriblər ki, Baxışov və Qasımov tikinti işlərini qanunsuz aparır.

Bu səbəbdən qəsəbə sakinlərini söhbət aparmaq üçün bələdiyyə idarəsinə çağırıblar. Elə oradaca məmurlarla adi işçilər arasında dava düşüb. Xuliqanlıq faktı ilə bağlı araşdırma aparılır.

Sayt əməkdaşı insidentin detallarına aydınlıq gətirmək üçün Hikmət Quliyevlə əlaqə saxlamağa çalışıb. Lakin qəsəbə bələdiyyəsi sədrinin katibi sədrin iş yerində olmadığını bildirib.

Qeyd edək ki, Binəqədi rayonunda evlərin qanunsuz tikintisi ilə bağlı müntəzəm olaraq yerli icra hakimiyyəti və bələdiyyə əməkdaşlarının iştirakilə münaqişələr baş verir. Üç il əvvəl təkcə bu rayonun ərazisində 10 mindən artıq evin qanunsuz tikildiyi müəyyən edilib.

Binəqədi rayonu qanunsuz tikililərlə bağlı ən çox müraciət və şikayətlərin olduğu rayonlar arasında liderdir.”