GündəmManşetMediaSiyasət

İTV-nin baş direktoru vəzifəsinə iddialı Qərənfil Xəlilova kimdir? – BİOQRAFİYA

Xəbər verildiyi kimi, İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədlərin sənədlərinin qəbulu başa çatıb. Milli Televiziya və Radio Şurasındanverilən məlumata görə, İctimai Televiziya və Radio Yayımları Şirkəti baş direktoru vəzifəsinə 7 nəfər iddiaçı – Xəlilova Qərənfil Əli qızı, Abbasov Rauf Müzəffər oğlu, Abbasov Səbuhi Mübariz oğlu, Mehrəliyeva Şəfəq Akif qızı, Mehtiyeva Rahilə İbrahim qızı, Qarayev Sadıq Qurban oğlu, Qasımov Balakişi Ələkbər oğlu sənədlərini təqdim edib.

Bu məqsədlə namizədlərdən biri – Qərənfil Xəlilovanın zəngin fəaliyyətini təqdim edirik:

Qərənfil Əli qızı Xəlilova ixtisasca jurnalistdir. BDU-nun Jurnalistika fakültəsini Fərqlənmə Diplomu ilə bitirib.

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində – 10 il radioda, 14 il televiziyada, qurulduğu dövrdən başlayaraq 8 il İctimai Televiziyada çalışıb.

Seçkili orqanda iş təcrübəsi var. Azərbaycan Dövlət Teleradio komitəsinin maaşlı komsomol katibi işləyib.

AzTV-nin “Xəbərlər” informasiya proqramının, eləcə də, ən məsul dövlət və hökumət çəkilişlərinin müəllifi, canlı yayımların aparıcısı olub.

Bir sıra siyasi-analitik (“Qanlı yanvar”, ”Xocalı”, “Gözü yolda qalan var”, “Qanun kitabımız”, “Milli bank”, “Dəyirmi masa” və s.) bədii-publisistik (“Təbiətin payızı”, “Üzeyir Hacıbəyov” “Rənglərin nağılı” və s.) proqramların, həmçinin verilişlərin müəllifi və aparıcısı kimi tanınıb.

2005-ci ildən 2013-cü ilədək İctimai Televiziya və Radio Yayımları Şirkətində Müəllif Proqramları şöbəsinin rəisi, Ədəbi-dram, Musiqi departamentlərində departament direktorunun müavini, “Carçıfilm” Yaradıcılıq Birliyinin direktoru vəzifələrində işləyib.

Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı “Haqqım var ki, öyünüm…” silsiləsindən 14 tarixi-sənədli televiziya filminin, “Fətəli xan Xoyski”, “İsmayıl bəy Qaspralı”, “Həsən bəy Zərdabi”, “Xəlil bəy Xasməmmədov”, “Nağı bəy

Şeyxzamanlı”, “Nəsib bəy Yusifbəyli”, “Əli bəy Hüseynzadə”, “Əlimərdan bəy Topçubaşov”, “Nuru paşa”, 3 hissəli “İstiqlal yolları” adlı və s. filmlərin həm ideya və ssenari müəllifi, əksər hallarda isə həm rejissoru və prodüseri, həm də aparıcısı olub.

3 bədii-televiziya filminin (“Yanlış da bir naxışdır”, “İstədiyin yar…”, “Ruhların harayı”), həmçinin “VİP”, “Telelinza”, “İşgüzar zaman” və s. kimi bədii-sənədli verilişlərin, “Həqiqət işığı” (İsa Muğanna), “Krım tatarları”, “Əsrlərdən gələn səslər”, “Əllərin möcüzəsi”, “Ömür dedikləri bir karvan yolu” və b. sənədli televiziya filmlərinin, 5 mahnı klipinin – Xan Şuşinskinin “Qarabağ şikəstəsi”, Fatma Mehrəliyevanın “Kəsmə şikəstəvə. s kliplərin ideya və ssenari müəllifi, həmçinin məsləhətçisidir.

APA TV-də “Həyat dərsi” və “Ömür yoldaşı” telelayihələrinin müəllifi və aparıcısı olub.

Qərənfil Xəlilova Televiziya işinin həm nəzəriyyəsinə, həm də praktikasına yaxşı bələddir.

2005-2010-cu illərdə Bakı Dövlət və Slavyan Universitetlərində pedaqoji fəaliyyətlə məşğul olub. Bir sıra elmi, bədii və publisistik məqalələrin müəllifidir. Hazırda BDU-nun Jurnalistika fakültəsində müxtəlif ixtisas fənləri üzrə (Yeni media, Mediakonvergensiya, Televiziya və Radio Jurnalistikası, Sənədli film və s. fənlərdən Rus, İngilis və Azərbaycan dillərində saathesabı müəllim işləyir.

Respublika Jurnalistlər Birliyinin “Həsən bəy Zərdabi”, Mətbuat Şurasının “Həsən bəy Zərdabi”, Azadlıq Hərəkatçıları Təşkilatının, Türkdilli Xalqların Əməkdaşlıq Təşkilatının, KİV Müstəqil Həmkarlar təşkilatının, Bakı şəhər Mədəniyyət şöbəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin, “Cavad xan“ fondunun, Türkiyənin İqdır vilayəti Mədəniyyət Mərkəzinin və digər təşkilatların mükafatlarına və Fəxri Fərmanlarına layiq görülüb. “İsmayıl bəy Qaspralı”, eləcə də “Ruhların harayı” telefilmlərim beynəlxalq kinofestivallarda mükafatlara layiq görülüb.

Əməkdar jurnalistdir. “Gənclərin siyasi fəallığının artmasında teleinformasiyanın rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. Siyasi elmlər üzrə Fəlsəfə doktorudur.