Avro niyə ucuzlaşır? – EKSPERTDƏN ŞƏRH
Avronun ucuzlaşması ilə bağlı iqtisadçı-alim Vüqar Bayramov öz fikirlərini bölüşüb.Aktor.Az həmin analizi diqqətə çatdırır:
“Gözlənildiyi kimi may ayında avro dollar nisbətən dəyər itirdi. Aya 1 avro 1.21 dollar məzənnəsi ilə başlayan Avropa pulu ayı 1.167 kursu ilə başa vurmaqdadır. Bu is avronun dollar qarşısında yalnız bir ay ərzində 4 faizə yaxın dəyər itirməsi anlamına gəlir. Qeyd edim ki, mayın 3-də sosial şəbəkədəki statusumda dolların möhkəmlənməsi və avronun dəyər itirəcəyi ilə bağlı proqnozumu Sizlərlə bölüşmüşdüm. Nəticədə, may ayının Avropa pulu üçün düşərli olmadığını müşahidə etdik.
Avro niyə ucuzlaşır? Avronın dəyər itirməsinin əsas səbəbi İtaliyada müşahidə edilən hökumət böhranıdır. Avrozonanın 3-cü ən böyük iqtisadiyyatına malik olan ölkəsində müşahidə edilən böhran avronun məzənnəsinə psixoloji təsir göstərməkdə davam edir. Eyni zamanda, dolların qlobal maliyyə bazarında mövqelərinin möhkəmlənməsi də avroya təsirsiz ötüşmürdü. Digər tərəfdən, qlobal maliyyə bazarının oyunçuları aparıcı valyutaların dollara nisbətən kursuna iqtisadi və hətta spekulyativ təsir etməklə məzənnəni müəyyən interval daxilində dəyişərək mənfəət marjı yaradırlar. Bu baxımdan, valyutanı məzənnəsi yüksək olan zaman almaq heç də tövsiyyə olunmur. Dollara nisbətən ucuzlaşan avro manata qarşı da dəyər itirdi. Avronun iyundakı məzənnəsi İtaliyadakı vəziyyətdən asılı olacaq. Avrozonada iqtisadi vəziyyət stabildir. Hökumət böhranlarının aradan qaldırılması avroya yenidən nəfəs verə bilər”.