Ərəb dövlətləri ilə əməkdaşlıq müzakirə olunub – FOTO
Ölkəmizdə rəsmi səfərdə olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Əbdüllətif bin Raşid Əl-Zəyyəninin başçılıq etdiyi nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında (STP) olub.
Aktor.Az xəbər verir ki, əvvəlcə nümayəndə heyəti ilə ikitərəfli görüş keçirildi. Qonaqlara Azərbaycan Prezidentinin təşəbbüsü ilə ölkədə müxtəlif təyinatlı sənaye parklarının yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Qeyd edildi ki, 2009-cu ildən fəaliyyət göstərən Sumqayıt Texnologiyalar Parkında yaradılmış istehsal sahələrinin potensialı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafının bariz nümunəsidir. Bildirildi ki, qısa müddətdə Cənubi Qafqazda unikal müasir texnopark yaradılıb. Hazırda 13 zavod və 30-dən artıq istehsal sahəsi fəaliyyət göstərir.
STP-nin baş direktoru Emin Məmmədov qonaqları salamlayaraq, müəssisənin məhsullarının körfəz ərəb dövlətlərinin bazarlarına çıxarılması perspektivləri, iqtisadi əməkdaşlıq əlaqələri haqqında danışdı. STP ilə təşkilata üzv dövlətlərin şirkətləri arasında əməkdaşlıq əlaqələrin qurulmasından və daha da genişləndirilməsindən yana olduqlarını qonaqların diqqətinə çatdırdı. Qeyd etdi ki, STP-nin tərkibində olan müəssisələr istehsal etdiyi yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən məhsulları və xidmətləri ilə istənilən layihədə uğurla iştirak etməyə hazırdır: “Şirkətdə istehsal və idarəetmə sistemi beynəlxalq standartlar nəzərə alınaraq təşkil edilib. Bu da bizə xaricə bazarlara çıxmaq imkanı verir. Müəssisə daxili təlabatla yanaşı, xarici bazarında ehtiyaclarını tam qarşılamaq gücündədir. İstehsal edilən yüksək keyfiyyətli məhsullarımız və münasib qiymətlərimizi sizlərin də tələblərinə uyğun olduğunu hesab edirəm”.
Nümayəndə heyətinin rəhbəri Əbdüllətif bin Raşid Əl-Zəyyəni qonaqpərvərliyə görə minnətdarlığına bildirdi. Sumqayıt Texnologiyalar Parkının onlarda xoş təəssürat yaratdığını qeyd etdi. Azərbaycan ilə şüraya üzv dövlətlər arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən qeyri-neft sektorunda daha da inkişaf etdirilməsi üçün böyük potensialın və qarşılıqlı marağın olduğunu vurğuladı. STP ilə gələcək əlaqələrin qurulması üçün sabah keçiriləcək Azərbaycan- Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının biznes-forumunda müzakirə edilməsinin vacib olduğunu bildirdi.
Daha sonra nümayəndə heyəti istehsal prosesi ilə yaxından tanış olmaq üçün zavodları gəzdi. Onları maraqlandıran çoxsaylı suallar mütəxəssislər tərəfindən ətraflı cavablandırıldı.