DiasporManşetSiyasət

Komitə sədrinin Türkiyəyə səfəri davam edir

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Türkiyə Respublikasına rəsmi səfəri davam edir.

Komitə sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradakı Heydər Əliyev parkını ziyayət edib, ümummilli liderin heykəli önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Daha sonra Fuad Muradov Türkiyə Respublikası Prezidentinin Baş müşaviri Yalçın Topçu ilə görüşüb. Komitə sədri Yalçın Topçuya Azərbaycanın dövlət başçısının salamlarını çatdırıb. Baş müşavir Komitə sədrini bu məsul vəzifəyə təyinatı münasibətilə təbrik edib və işlərində uğular arzulayıb. Görüşdə bu gün türk dünyasının birləşməsinə böyük ehtiyac olduğu vurğulanıb.

Səfər çərçivəsində Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Sərdar Çamla Azərbaycan və Türkiyə diasporlarının fəaliyyəti, o cümlədən iki qurum arasında əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq mayın 23-də Heydər Əliyevə həsr olunan “Unudulmaz” sənədli filminin Ankaradakı diplomatik nümayəndəliyimizdə təqdimatı olub. Daha sonra mərasim iştirakçıları Ümummilli Liderin anadan olmasının 95-ci ildönümünə həsr olunan fotosərgi və ulu öndərin həyat və fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Təqdimat mərasimində hər iki ölkədən rəsmi şəxslər, elm və mədəniyyət xadimləri,  Ankarada təhsil alan azərbaycanlı tələbə və kursantlar, Ankara şəhərindəki Heydər Əliyev məktəbinin şagirdləri, diaspor və KİV nümayəndələri iştirak ediblər.

Səfir Xəzər İbrahim və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, Türkiyə-Azərbaycan münasibətlərinin qurulmasındakı xüsusi xidmətlərindən bəhs ediblər.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Necdət Ünüvar və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Hikmət Çətin ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüblər.

Daha sonra Fuad Muradov Türkiyədə çalışan və təhsil alan həmyerlilərimizlə, Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri ilə görüşüb, onları maraqlandıran məsələlər müzakirə olunub. Komitə sədri Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb. Fuad Muradov Komitə sədri kimi ilk rəsmi səfərinin qardaş Türkiyə etdiyini və soydaşlarımızla görüşdən məmnun olduğunu qeyd edib.