QHT sədrinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı qəbuledilməzdir – Elməddin Behbud
QHT sədri Bəxtimşah Tağıyevanın növbəti irqçi və diskriminativ çıxışı haqda Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıqlama verib.
Aktor.Az-ın verdiyi xəbərə görə, Elməddin Behbud “Uşaq və Tələbə Gənclər Dünyası” İctimai Birliyinin sədr müavini Bəxtimşah Tağıyevanın feysbuq hesabındakı islam dini haqqında paylaşımları ilə bağlı xeyli müddətdir yazılan status və şərhlərə, Şuraya ünvanlanan suallara və digər müraciətlərə cavab olaraq bildirirəm ki, bu onun şəxsi düşüncəsinin məhsuludur” – deyə, qeyd edib: “Bildiyiniz kimi, Şura fəaliyyətini öz Əsasnaməsinə və ölkənin müvafiq qanunvericiliyinə uyğun şəkildə qurur.Ona görə də Şuranın hansısa QHT-ni cəzalandırmaq və yaxud onun haqqında araşdırma apararaq digər inzibati tədbirin görülməsinin vacibliyini müəyyən etmək səlahiyyəti yoxdur.QHT-lər ölkənin ictimai həyatında mühüm çəkiyə malik olan müstəqil subyektlərdir.
Təbii ki, QHT rəhbərləri ölkə qanunları və həmçinin, cəmiyyət qarşısında ictimai məsuliyyət daşıyırlar.Hər bir təşkilat sədri və həmin qurumun rəhbərliyində təmsil olunan digər şəxslər Azərbaycan xalqının əksəriyyətinin və azlıqda olanların mənəvi dəyərlərinə, inanclarına hörmətlə yanaşmalıdır. Ölkənin QHT sektoru nəinki xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, sayğı göstərir, həmçinin tolerantlığın, multikultralizmin, islam dininin ali dəyərlərinin sağlam prinsiplərə söykənərək təbliği istiqamətində davamlı olaraq layihələr həyata keçirirlər.
Dövlətimizin multikultral dəyərlərə, həmçinin Azərbaycan Respublikası əhalisinin mütləq çoxluğunun mənsub olduğu islam dininə göstərdiyi yüksək diqqət, ehtiram, sayğı hamımıza məlumdur. Bu cəhətdən hansısa QHT təmsilçisinin insanların milli, mənəvi dəyərləri ilə bağlı qeyri-adekvat davranışı bizim tərəfimizdən də qəbuledilməzdir.
Inanıram ki, analoji halların təkrarlanmaması üçün dəyərli QHT nümayəndələri bundan sonra da həssas münasibət göstərəcək, uyğunsuz halların yaranmasına qarşı olacaqlar”.