Marneulidə azərbaycanlıların etnoqrafik muzeyi niyə yoxdur?
Marneulidə 86, 8% azərbaycanlı yaşayan rayonda etnoqrafik muzey yoxdur.
Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, bu barədə Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycanın Əməkdar Jurnalisti Nizami Məmmədzadə bildirib.
Onun sözlərinə görə, bu şəhərdə yalnız, azərbaycanlıların deyil, eləcə də gürcülərin muzeyi yoxdur:
“Yalnız Marneulidəki Şaumyan qəsəbəsində ermənilərin Aleksandr Məlik Paşayevə aid ev muzeyi var, eləcə də görkəmli gürcü yazıçısı Mixail Cavaxişvilinin Serakvi kəndində ev muzeyi fəaliyyət göstərir. Bizimsə, muzeyimiz yoxdur ki, biz də hər il dünyada keçirilən Muzeylər Günü tədbirini, eləcə də ədəbi-mədəni tədbirlər və “Poeziya Günü” keçirək. Görəsən, bu barədə düşünən olacaqmı? Muzey üçün bina tikən tapılacaqmı?”,- N. Məmmədzadə qeyd edib.
Jurnalist Nizami Məmmədzadə bildirib ki, əvvəllər Marneuli şəhərində muzey olub, lakin sonra muzeyin bütün tarixi-mədəni nümunələri yoxa çıxıb. O, qeyd edib ki, muzeyin direktoru əslən Şaumyan qəsəbəsindən olan Santuxt Abartsumyan adlı erməni qadını olub. “Dəfələrlə rayonda muzey yaratmaq üçün məsələ qaldırmışam, qubernatordan, deputatlarımızdan xahiş etmişəm, lakin hələlik səsimizə səs verən yoxdur. Facebook səhifəmdə bu barədə qeyd etmişəm. Azərbaycan səfirliyi də bizim problemimizlə maraqlanmır. Yalnız tədbirdən-tədbirə görünür səfir. Kimə yazaq, kimə müraciət edək? Tariximizi, Gürcüstanda olan mədəni abidələrimizi, poeziyamızı, şifahi xalq ədəbiyyatımızı, xüsusən bayatılarımızı, Gürcüstanda Azərbaycan xalqına məxsus olan tarixi abidələri biz yaşatmasaq, bəs kim yaşadacaq? Artıq, həyəcan təbili vurmağın vaxtı çatıb!