DiasporDünya

Diaspor təmsilçiləri bəyanat yaydılar

Amerika Azərbaycan Mədəniyyət Assosiasiyası və Nyu Yorkda yaşayan Azərbaycanlıların Koordinasiya Şurası-Azərbaycan Amerika Qadınlar Assosiasiyası,  Azərbaycan Nyu-York Assosiasiyası, Nyu York Mədəniyyət Mərkəzi, Bakı Bruklin Dostluq Assosiasiyası, Qafqaz Yəhudiləri Mədəniyyət Mərkəzi, “AZZEM” Beynəlxalq Fondu, “My Way” İnkişaf mərkəzi ABŞ Helsinki Komissiyasının 9 May, 2018-ci il tarixli dinləmələri ilə bağlı bəyanatlar yayıb

Bəyanatlarda bildirilir ki, Azərbaycan müstəqil və çoxvektorlu xarici siyasət yürüdür və atdığı addımları hər hansı fövqəldövlətin marağına görə deyil, məhz öz milli maraqlarına görə müəyyənləşdirir. Azərbaycanın müasir xarici siyasətinin təhlili onu deməyə əsas verir ki, ölkəmiz beynəlxalq sistemin bütün aktorları ilə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə,  balans siyasətinə üstünlük verməkdə maraqlıdır.

Azərbaycan ayrı-ayrı ölkələrlə, o cümlədən ABŞ-la münasibətlərini beynəlxalq hüquq normalarına hörmət, daxili işlərə qarışmamaq prinsipləri üzərində qurur və tərəfdaş dövlətlərdən də bu prinsiplərə hörmətlə yanaşılmasını tələb edir.

Biz Amerika Birləşmiş Ştatları və Azərbaycan arasında mövcud olan uzunmüddətli strateji əlaqələri yüksək qiymətləndirirk. Xatırladırıq ki, Azərbaycan 11 sentyabr faciəsindən sonra terrorizmə qarşı mübarizə apararaq ABŞ-ı dəstəkləyən ilk dövlətlərdən biri olub.

Düşünürük ki, ABŞ Hökumətinin etibarlı tərəfdaşı olan Azərbaycan Respublikası ilə mühüm ikitərəfli əlaqələrə zərər verə biləcək istənilən seçici yanaşmanın qarşısını almaq üçün əlimizdən gələni etməliyik.