Gənclər Fondunun icraçı direktoru fəaliyyətlərindən danışıb – MÜSAHİBƏ/VİDEO
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun SİA-ya müsahibəsi:
– Fərid müəllim, ilk olaraq sizi gec də olsa yeni vəzifəyə təyin olunmağınız münasibətilə təbrik edirik, yeni işinizdə uğurlar arzulayırıq. Siz bu təyinata qədər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifəsində çalışmısınız. Hazırkı missiyanız daha fərqlidir. Gənclərlə necə dil tapa bilirsiniz?
– Mən də fürsətdən istifadə edib sizi salamlayıram. Gənclər Fonduna xoş gəlmisiniz. Gənclər Fondu ümumiyyətlə, gənclər siyasəti dövlətin ən vacib prioritet sahələrindən biridir. Sizin də vurğuladığınız kimi mən fərqli sahələrdə çalışmışam. Müasir gəncliklə dil tapmaq kifayət qədər asanddır. Müasir gənclik daha tələbkar, informasiya qəbuluna açıq olan, çağırışlarla mübarizə aparmağa hazır olan bir gənclikdir. Təbii ki, bu gənclik üçün də dövlətin siyasəti, fəaliyyəti, gənclərə təklif etdiyi imkanlar da dövrün çağırışlarına, tələblərinə uyğun olaraq dəyişilir və yenilənir. Bu mənada bizim Gənclər Fondunun fəaliyyəti, strukturu elə formada qurulub ki, gənclərlə dil tapmaq kifayət qədər açıq və sərbəstdir. Yəni Gənclər Fondunun özünün fəaliyyəti gənclər üçün əlçatan bir mexanizmdir. Bir sözlər, gənclərin istənilən problemi ilə bağlı müraciət etdikləri bir mexanizmdir. Biz də gənclərlə istər rəsmi görüşlərdə, istərsə də qeyri-formatlarda tez-tez görüşməyə çalışırıq və onların müxtəlif problemlərini dinləyirik. Eyni zamanda biz özümüz də fəaliyyətimizi sırf onların təklif və istəklərinə uyğun formalaşdırmağa çalışırıq.
– Sözsüz ki, bir quruma yeni rəhbər təyin olunursa, burada dəyişikliklərin olacağı gözləniləndir. Bəs Fondun fəaliyyətində hansı yeniliklər gözlənilir?
– Mən əvvəlcə bu ilin mart ayında Gənclər Fondunun həyatı, tarixi üçün mühüm əhəmiyyət kəsb edən əlamətdar hadisəni qeyd etmək istərdim. Dövlət siyasətində gənclər siyasəti xüsusi yer tutur. Bilirsiniz ki, cənab Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinə, gənclərə xüsusi qayğı və diqqət daim ön plandadır. Aprelin 11-də ölkəmizdə keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyevin ictimaiyyətlə görüşündə də müraciət etdiyi əsas kateqoriya məhz elə gənclər olmuşdur. Bu siyasətin, fəaliyyətin davamı olaraq cənab Prezidentin 7 mart tarixli fərmanı ilə Gənclər Fondunun nizamnaməsinə dəyişikliklər edildi. Təşkilati hüquqi formamız artıq yeni bir mahiyyət aldı. Bundan başqa gənclərə xidmət etmək üçün Gənclər Fonduna əlavə vəzifələr və imkanlar yaradıldı. Beləki xaricdə təhsil üçün, gənclərin sosial-iqtisadi dəstəklənməsi üçün, gənclərin məşğulluğunun təmin olunması üçün, eləcə də gənclərin təcrübə keçməsi, xaricdəki tədbirlərdə iştirakı üçün də əlavə imkanlar yaradıldı. Təbii ki, bu vəzifələrin öhdəsindən gəlmək üçün biz də Fondumuzun fəaliyyətində müəyyən dəyişikliklər edəcəyik.
– Mətbuatdan izlədiyimiz qədər müxtəlif ali təhsil müəssisələrində, fərqli tədbirlərdə gənclərlə tez-tez görüşlər keçirirsiniz. Hər halda bu görüşlərdə də gənclərin fondla bağlı fikirləri, təklifləri səsləndirilir. Bunlar sonradan diqqətə alınırmı, dəyərləndirilirmi?
– Bizim gün ərzində həm Gənclər Fonduna gələn, həm də Fondun əməkdaşlarının iştirak etdiyi gənclərlə bir neçə dəfə görüşləri olur. Ola bilsin ki, bunlar mətbuqatda o qədər də işıqlandırılmır. Fondun fəaliyyəti gənclərlə qarşılıqlı interaktiv şəkildə qurulub. Gənclər Fondunun nizamnaməsində olan dəyişikliklərin bəziləri gənclərin social sifarişləri nəticəsində baş verib. Təbii ki, biz onların bütün tələblərini, istəklərini nəzərə alırıq və öz daxili qaydalarımızda onları tətbiq edirik. Nəticədə bizim təklif etdiyimiz imkanlardan daha səmərəli şəkildə yararlanmasına şərait yaradırıq.
– Bilirsiniz ki, Prezident İlham Əliyevin 2018-ci il 10 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub. Bununla bağlı Fond tərəfindən nə kimi tədbirlər həyata keçiriləcək?
– Əgər siz Gənclər Fondunun əvvəlki fəaliyyətinə də baxsanız görərsiniz ki, hər il Fond tərəfindən həyata keçirilən Tədbirlər Planında həmən il üçün əlamətdar olan günlərlə, təqvim tarixləri ilə bağlı müəyyən tədbirlər keçirilir. Həm gənclərin tədbirləri bu sahədə dəstəklənir, həm də Fondun özü tərəfindən tədbirlər təşkil olunur. Bu il sizin də qeyd etdiyiniz kimi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin 95 illik yubileyidir. Təbii ki, biz bu sahədə öz tədbirlərimizi planlaşdırmışıq. Artıq bəzilərini keçirmişik. Məsələn, AXC-nin 100 illiyi ilə bağlı biz gənclərlə birlikdə Tbilisdə İstiqlaliyyət Bəyannaməsinin qəbul olunduğu binada tədbir keçirməyi, eyni zamanda Cümhuriyyətin ilk paytaxtı olan Gəncə şəhərində də tədbirlər keçirməyi planlaşdırırıq. Gənclərin iştirakı ilə bir növ həmin hadisələrin canlandırılmasına, müəyyən bir simulyasiyaların təşkilinə, ictimaiyyətin həmən Cümhuriyyətin dəyərlərinin bu gün Azərbaycanda necə yaşadılması, daha da təşviq olunması ilə bağlı məlumatlandırılmasına çalışacayıq.
– Son olaraq Gənclər Fondunun rəhbəri kimi gənclərə məsləhət və tövsiyələrinizi eşitmək istərdik.
– Gənclərimizə əsas məsləhətimiz dövlətçiliyinə, milli adət-ənənlərinə tam sadiq və bağlı olmalarıdır. Eyni zamanda dövlətlərin tarixini, dövlətin mədəniyyətini, dövlətçilik irsimizi yaxından tanımaları, təbliğ etmələridir. Bununla belə onlardan istəyimiz Azərbaycan həqiqətlərini xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı kimi ağrılı, tarixi hadisələrimizin dünya ictimaiyyətinə çatdırılmasını təmin etməkdir. Ümumiyyətlə hansısa xarici ölkəyə gedib fiziki təbliğdən söhbət getmir. Bu gün XXI əsrdir. Virtual məkanlarda da onlar bunun təbliğinda fəal iştirak etməlidirlər. Gənclərimiz bütün bu hərəkatlarda daima Azərbaycanın, azərbaycançılığın yanında olmalarına və dövlətçiliyə dəstək olmağa çağırıram. Həmçinin onlar Fonduna dəstək olsunlar və Fondla birlikdə öz işlərini davam etdirsinlər.