FotoGündəmManşetSiyasət

Cümhuriyyətin yubileyi münasibətilə Monteneqroda konfrans keçirilib – FOTO

Monteneqronun Donya Qoritsa Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan və Monteneqro Birinci Dünya müharibəsindən sonra” mövzusunda konfrans keçirilib.

Aktor.Az xəbər verir ki, Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyinin, Azərbaycan-Monteneqro mədəni və iqtisadi mərkəzinin, Donya Qoritsa Universitetinin, Geopolitika Mərkəzinin təşkilatçılığı və “Azmont İnvestments” şirkətinin dəstəyi ilə keçirilən konfransda bu ölkənin dövlət qurumlarının və burada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, universitetin müəllim və tələbə heyəti, mətbuat nümayəndələri iştirak ediblər.

Konfransı açan professor Milan Podunavaç Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş tədbirə Donya Qoritsa Universitetinin ev sahibliyi etməsindən şərəf duyduğunu bildirib. Azərbaycanın Monteneqroya dost ölkə olduğunu deyən professor hər iki respublikanın dövlətçilik tarixinin araşdırılmasının konfrans iştirakçıları və tələbələr üçün maraqlı olacağına əminliyini diqqətə çatdırıb.

Azərbaycan–Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə il ərzində həm respublika daxilində, həm də müxtəlif ölkələrdə silsilə tədbirlər keçirildiyini və 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini vurğulayıb. O, Birinci Dünya müharibəsinin sonunda – 1918-ci ildə Monteneqronun müstəqilliyini itirdiyini, Azərbaycanın isə istiqlaliyyətini əldə etməsinə rəğmən Cümhuriyyətin ömrünün qısa olduğunu və beləliklə, hər iki xalqın həmin dövrdə oxşar tale yaşadığını xatırladıb. S.Mirzəzadə konfrans iştirakçılarının hər iki ölkənin tarixi haqqında maraqlı faktlar əldə edəcəyinə əminliyini qeyd edib.

Konfransda Monteneqronun Geopolitika Mərkəzinin direktoru professor Jivko Andriyaşeviç “Monteneqro Yuqoslaviya Krallığının tərkibində”, Adnan Prekiç “Monteneqro 1918 – itirilmiş gözləntilər”, Radenko Sçekic, “Monteneqro 1988-ci ildən sonrakı geopolitik dəyişikliklər dövründə” mövzularında və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Vasif Qafarov “Müstəqil Azərbaycan Cumhuriyyətinin yaradılması uğrunda mübarizə”, “Gənc Diplomatların Peşəkar İnkişafına Dəstək” İctimai Birliyinin sədri Fərid Muradov “Müsəlman Şərqində ilk demokratik respublikanın beynəlxalq ictimaiyyətdə tanınması”, İctimai Birliyin sədr müavini Azad Abıyev “Bakı – dünya müharibələrinin qəhrəman şəhərlərindən biri” mövzularında çıxışlar ediblər.

Çıxışlar böyük maraqla qarşılanıb və konfrans yerli mətbuatda geniş işıqlandırılıb.