Radikal müxalifət alətə çevrilib – DEPUTAT
Radikal müxalifət bəzi beynəlxalq siyasi dairələrin əlində alətə çevrilib. Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.
E.Nəsirovun sözlərinə görə, Əli Kərimli, Emin Milli, Sevinc Osmanqızı, Xədicə İsmayıl, Natiq Adilov və digərləri həmin dairələr tərəfindən bir əlcək kimi istifadə olunub kənara atılır:
“Həmin şəxslər bunu dərk edəndə artıq bir-birilərini ittiham etməyə başlayırlar. Onda da başlayırlar ağalarına qarşı ittiham irəli sürməyə. Onlar siyasi dairələrin maliyyə dəstəyi ilə Azərbaycana qarşı qarayaxma kampaniyası apardılar, lakin gördülər ki, bunun heç bir nəticəsi yoxdur və özlərinin hansı səviyyədə olduqlarını, necə alətə çevrildiklərini başa düşdülər. Bundan sonra da öz aralarında bir-birinin paxırını açırlar. Beynəlxalq dairələr onların pulunu kəsən kimi onlarda bir məyusluq yaranır, bir-birilərini təhqir edirlər. Bu şəxslər həmişə belə qalacaq”.
Millət vəkili qeyd edib ki, bəzi siyasi qüvvələr radikal müxalifətin bu ünsürlərindən yalnız beynəlxalq tədbirlər çərçivəsində müvəqqəti istifadə edir: “Həmin qüvvələr bu ərəfədə geniş maliyyə vəsaiti xərcləyərək onlardan Azərbaycana qarşı istifadə edirlər. İstifadə edilən vaxtlarda həmin ünsürlər maliyyə vəsaitinə görə bir-biriləri ilə mehriban olurlar. Elə ki, həmin qüvvələrə bu şəxslər lazım olmur, onları süpürüb kənara atırlar. Siyasi qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyasına fasilə verən kimi, bu şəxslər arasında bir-birinə qarşı ittihamlar başlanır. Əslində, bu proses onların əsl mahiyyətini, kim olduqlarını üzə çıxarır. Bu cür ünsürlərə də Azərbaycanda yer yoxdur. Onların əsl mahiyyəti alət olmaqdır. Azərbaycan ictimaiyyəti də bunu çox gözəl bilir”.