GündəmManşet

Azərbaycan Altayla turizm əməkdaşlığını genişləndirəcək

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Rusiya Federasiyasının Altay diyarı hökumətinin sədr müavini Viktor Meşeryakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Dövlət Turizm Agentliyi ilə Altay diyarı arasında turizm sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.

Turizm Agentliyindən Aktor.Az-a bildirilib ki, görüşdə Fuad Nağıyev Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sənayesində də əlaqələrin inkişaf etdiyini nəzərə çatdırıb.

Agentlik sədri ölkə rəhbərliyinin turizm sahəsinə göstərdiyi diqqət və qayğıdan söz açıb, turizm sənayesinin ölkəmizdə prioritet sahələrdən biri elan olunduğunu vurğulayıb.

Tərəflər bildirib ki, Altay diyarının turizm şirkətləri ilə Azərbaycanın şirkətləri arasında turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur və bu imkanlar gələcəkdə dəyərləndirilməlidir.

Viktor Meşeryakov da öz növbəsində Azərbaycanla Altay diyarı arasında turizm sahəsində əlaqələrin daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.