Kanadadakı Azərbaycan Siyasi Araşdırmalar Mərkəzi bəyanat yaydı
Bu günlərdə ABŞ Konqresi Helsinki Komissiyasında Azərbaycanda seçkilər və fundamental azadlıqlar mövzusunda dinləmələr keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Aktor.Az-a verilən məlumata görə, Kanadanın Vankuver şəhərindəki Azərbaycan icması ABŞ Helsinki Konqresində Azərbaycana qarşı irəli sürülən ermənipərəst dinləmələrə etirazları davam etdirir. Belə ki, Kanadada fəaliyyət göstərən “Azərbaycan Strateji Araşdırmalar Mərkəzi”nin (AzSam) rəhbəri, siyasi elm xadimi Aslan Xalidi dinləmələrə qarşı etiraz bəyanatında Azərbaycan Respublikasında qanunun aliliyinin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, fundamental hüquq və azadlıqların qorunduğunu və mətbuat azadlığının tam şəkildə təmin olunduğunu diqqətə çatdırıb. Bəyanatda Azərbaycanın xarici siyasət kursunda dünyanın aparıcı ölkələri ilə ikitərəfli münasibətlərin qurulması və inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi vurğulanıb.
“Bu gün Azərbaycan Respublikası qlobal proseslərdə və yeni dünya nizamının qurulmasında söz sahibi olan Amerika Birləşmiş Ştatları ilə əlaqələrə böyük əhəmiyyət verir, qarşılıqlı münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində inkişafını dəstəkləyir” –deyə Aslan Xalidi vurğulayib və o, Azərbaycan dövlətinin tolerantlığın təşviqinə yönəlmiş fəaliyyətini regionda və dünyada sabitliyə töhfə kimi qiymətləndirib.
ABŞ Helsinki Komissiyasının Azərbaycana qarşı münasibəti bu günün reallıqlarına uyğun olmayan bir mövqedir. Son dövrlərdə ABŞ Konqresinin Helsinki Komissiyasının bəzi üzvlərinin erməni lobbisinin ən fəal tərəfdaşları kimi dəfələrlə Azərbaycanın əleyhinə mövqe nümayiş etdirmələrinin şahidi oluruq. Təəssüf ki, dövlətlər arasındakı münasibətlərin sərinləşməsində müxtəlif maraqlı dairələrin təsiri altına düşmüş Helsinki Komissiyası kimi qurumlar müəyyən rol oynayır. Məhz maraqlı qüvvələrinin təsiri nəticəsində Helsinki Komissiyası demokratiya yolu ilə gedən xalqların mənafelərini müdafiə etməkdən daha çox dünyanın müxtəlif regionlarında marağı olan müəyyən siyasi lobbi dairələrinin təsiri altında qərarlar qəbul edən quruma çevrilib. Bütün bunlara baxmayaraq, Azərbaycanın bundan sonra da ölkədə insan hüquqlarının təmin olunması istiqamətində səylərini davam etdirəcəyi heç kimdə şübhə doğurmur”.