İsveçrədə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib – FOTOLAR
İsveçrənin Cenevrə şəhərində Azərbaycanın Əməkdar Artisti, pianoçu Adilə Əliyevanın təşkilatçılığı ilə Beynəlxalq Pianoçular Müsabiqəsi keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Aktor.Az-a verilən məlumata görə, 3 gün davam edən müsabiqə 3 yaş kateqoriyası üzrə təşkil olunub. Rusiya, Yaponiya, Fransa və digər ölkələrdən gələn izləyicilərin böyük marağına səbəb olan müsabiqədə Ceyhun Əzizov və albaniyalı Taşko Kostandin 1-ci yerə, yaponiyalı Yanq Şiven 2-ci yerə yiyələniblər. Nərminə İsmayılova və Ramazan Hüseynov diplomlarla təltif olunublar.
Müsabiqə çərçivəsində Ümummilli Liderin xatirəsinə həsr olunan bir neçə musiqi parçası səsləndirilib.
Qeyd edək ki, İki ildən bir təşkil edilən müsabiqə 1996-cı ildən fəaliyyət göstərir və hər dəfə müsabiqədə 250-dən çox iştirakçı yarışır. İndiyədək müsabiqədə bir çox beynəlxalq müsabiqələrin laureatları olan 2150 pianoçu iştirak edib. Bu yarışma pianoçular arasında dünyanın ən yaxşı 20 müsabiqəsi ilə bir sırada dayanır.