İdman

Alpinist Naminlə müsahibə: “Artıq məni ölmüş bilirdilər…” – FOTOLAR

Xəbər verdiyimiz kimi, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.Namin Bünyatovun iki il öncə AzVision.az-a verdiyi müsahibədən maraqlı məqamları oxucuların diqqətinə çatdırırıq:

Qeyd edək ki, əvvəllər ordumuzun Xüsusi Təyinatlı Qüvvələrində baş leytenant kimi xidmət edən Namin sonradan neft platformalarında ip işləri üzrə mütəxəssis kimi fəaliyyət göstərib:

-1983-cü ildə Şəmkirdə andan olmuşam. Orta məktəbi bitirdikdən sonra 1998-ci ildə uşaqlıqdan böyük həvəs göstərdiyim Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil oldum. Orada 3 il oxuduqdan sonra Azərbaycan Ali Hərbi Məktəbində təhsilimi davam etdirdim. Orda 4 il kəşfiyyat ixstiası üzrə təhsil almışam. Oranı bitirdikdən sonra ixtisasım üzrə təlim-tədris mərkəzində ixtisaslaşma kursu keçməyə başladım. Artıq leytenant hərbi rütbəsini aldıqdan sonra xidmətə hazır idim.

Təcrübələr göstərir ki, xüsusi təyinatlılarda boy həmişə önəmli rol oynamır. Əsas tələblərdən biri də xarici dil biliyidir. Azərbaycan və türk dili ilə yanaşı, ingilis və rus dilində sərbəst danışıram. İngiltərədə ingilis dili ilə bağlı təkmilləşdirmə kursu keçmişəm. Fars dilindən də anlayışım var, danışa bilirəm. Alman və ispan dillərini də müəyyən qədər öyrənmişəm.

– Xüsusi təyinatlılara seçilmək üçün əsas şərtlərdən biri də idmandır. Siz hansı idman növü ilə məşğul olmusunuz?

– Üzgüçülük, güləş, qaydasız döyüş növləri ilə məşğul olmuşam. Amma professional şəkildə hansısa bir idmanın dalınca getməmişəm.

-Orada neçə müddət xidmət etdiniz?

– Demək olar ki, xidmətimin hamısı XTQ-də keçdi. Mən başqa yerdə xidmət etmədim. 5 il orada oldum. Sonra sağlamlığımla əlaqədar, zədə aldığımdan xidməti davam etdirməyi münasib bilmədilər.

XTQ-dən tərxis olunandan sonra nə işlə məşğul oldunuz?

– Mən aktiv həyat sürməyi xoşlayıram. İndi alpinizmlə məşğul oluram. Eyni zamanda dənizdə, neft platformalarında hündürlük üzrə ip işləri mütəxəssisi kimi çalışıram.

– Dağlara yürüşlər zamanı hansısa təhlükəli, qeydi-adi hadisələrlə rastlaşmısınız?

– Dağa çıxmaq heç də asan iş deyil. Asan dağlar olmur, dağlar təhlükə mənbəydir. Dəmavənd dağında təhlükəli hadisə ilə qarşılaşdım. Dəmavəndə çıxan zaman hava şəraiti pis idi. Buna görə də zirvəyə yalnız iki nəfər azərbaycanlı çıxdıq. Hətta bizə xəbərdarlıq etdilər ki, hava şəraiti pisdir, çıxmaq olmaz. Biz yürüşü təxirə salmadıq. Çətin də olsa zirvəni fəth etdik. Qayıdan zaman sürətim azaldığından anlaşılmazlıq nəticəsində öndə gedən yoldaşdan aralı düşdüm. Üstümdə olan su və yemək tükənmişdi. Yolumu qısaltmaq üçün digər marşurutu seçdim. Ancaq yolumun səhv istiqamətdə olduğunu gördüm. Məcburən əsas marşuruta qayıtdım. Bu, ölümlə nəticələnə bilərdi. Səhərə qədər yol gəldim, Artıq məni ölmüş bilirdilər. Hətta xəbər Azərbaycana da çatmışdı. Vəziyyət o yerə çatmışdı ki, cibimdə götürdüyüm donmuş almanı dişləyirdim ki, dodaqlarım susuzluqdan çatlamasın. Şükürlər olsun ki, bu dəfə də şanslı oldum…. Yeri gəlmişkən, qışda dənizdə çimməyi, paraşutla atlanmağı, işimlə əlaqədar şəhərin yüksək binalarından Bakını seyr etməyi də çox sevirəm. Bir sözlə, yüksəkliklər hər zaman məni xoşbəxt edir.