Kimdir cəmiyyəti yanıltmaq istəyən?
Yazıblar ki, AŞPA bu qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova sanksiya tətbiq edib. Bu haqda əlavə məlumat veriləcək. Bilmirəm, doğrudur, ya yalan. Amma bu məlumat mənə bir qədər şübhəli gəldi və qısa bir araşdırma aparmalı oldum.
Oxuduğum ilk xəbərdə deyilirdi ki, bu məlumatı Almaniya Bundestagının üzvü Frank Şveyb öz Facebook səhifəsində yayıb. Aradım, bəlli oldu ki, Bundestagda Şveyb soyadlı deputat ümumiyyətlə yoxdur. Var Frank Şvabe (Frank Schwabe) və onun Facebook səhifəsində də bu haqda bir kəlmə belə yazılmayıb. Özü də o səhifə yetərincə fəaldır, adam gündəlik paylaşımlar edir və son 10 gündə belə bir paylaşımı olmayıb.
Daha bir xəbərdə isə iddia edildi ki, Ukraynalı deputat Volodimir Ariyev belə bir xəbər paylaşıb. Yenə də Facebook üzərindən. Onu da aradım, tapdım. Deputatın Volodymyr Ariev adlı hesabında doğrudan da belə bir paylaşım var. Amma orada da Səməd Seyidovdan söhbət getmir. Sadəcə Pedro Agramunt və Cordi Xucla haqqında danışılır. Yəni Səməd Seyidovun adına heç işarə belə edilmir.
Durum beləykən kimdir Azərbaycan nümayəndə heyətinin rəhbərinin adını təkidlə bu xəbərlərə pərçimləmək istəyən? Ümumiyyətlə, məqsəd nədir? Niyə Səməd Seyidov məhz indiki qarışıq məqamda hədəfə alınır? Olmaya onun AŞPA-nın son toplantılarında özəlliklə də Ermənistanla bağlı çıxışları içimizdəki ermənilərə sərt zərbə olub?
Düşünməyə dəyər məncə. Bu qısa yazımdan məqsəd Səməd Seyidovu müdafiə etmək deyil. Sadəcə informasiya kirliliyinə reaksiya vermək, cəmiyyəti çaşdırmaq istəyənlərə heç də hamının sadəlövh olmadığını bildirmək istədim…
Azər Həsrət, əməkdar jurnalist