GündəmManşetSiyasətXəbər xətti

Bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdı – Elməddin Behbud

Oktyabrın 18-də ABŞ-ın Helsinki Komissiyasının ermənipərəst rəhbəri Kristofer Smitin təşəbbüsü ilə Dağlıq Qarabağ müharibəsinin yenidən başlanmasının mümkünlüyü və bu məsələdə ABŞ və ATƏT-in rolu mövzusunda dinləmələr keçiriləcəyi bildirilir.

 

Müstəqilliyimizin bərpasının 26-cı ildönümü günündə təşkil olunacaq bu dinləmələrlə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Elməddin Behbud fikirlərini bildirib:

 

– Hazırda bir sıra beynəlxalq qurumlar və böyük dövlətlər tərəfindən Azərbaycana qarşı “qara piar” kampaniyası aparırılır. Əlbəttə, İraqa, Suriyaya, eləcə də possovet ölkələrindəki münaqişələrə bəslədikləri ziddiyətli və riyakar münasibətin “insan haqları”, “demokratiya” adlı örtüklərini tamamilə üzərlərindən götürdüyü bu qurumlar etiraf etmək istəməsə də, aydın görünür ki, onların antiazərbaycan fəaliyyətində erməni lobbisinin danılmaz, altından xüsusi cizgiylə çəkiləcək dərəcədə təsiri var. Helsinki Komissiyanın ermənipərəst rəhbəri Kristofer Smitin məlum təşəbbüsü də ölkəmizə qarşı bu sıradan olan hücumlar kateqoriyasına aiddir. Maraqlıdır ki, Helsinki Komissiyasının bütün prinsiplərini son 25 ildə tapdalamış Ermənistanın əleyhinə hansısa bir tənqidi fikir səsləndirməyən və işğalçı ölkəni bu gün də davam etdirdiyi hüquqa və insanlığa zidd əməllərdən çəkinməyə vadar edən heç bir praktiki addım atmayan komissiya üzvləri bölgənin mühüm siyasi-iqtisadi platforması olan Azərbaycana qarşı hər cür əsassız iddialar irəli sürməkdən çəkinmirlər. Bu dinləmələrin məqsədi yalnız Ermənistanın əməllərini leqallaşdırmağa yönəlib və anti-Azərbaycan xaraktei daşıyır. Birmənalı şəkildə söyləmək olar ki, bu dinləmələr Ermənistana dəstəyin növbəti formasıdır.

 

Elməddin Behbud xatırladıb ki, Kristofer Smit hələ 1992-ci il oktyabr ayının 24-də ABŞ-ın Azərbaycana dövlət yardımının qarşısını alan Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin hazırlanmasında və qəbul edilməsində də böyük canfəşanlıq göstərmiş şəxsdir. O cümlədən, bir sıra ölkələrdə qondarma erməni soyqırımının tanınmasında da bu şəxsin xüsusi “əməyi” vardır. Bu şəxsin demək olar ki, fəaliyyətinin ana xətti Azərbaycan və Türkiyənin əleyhinə olan kampaniyalara qoşulmaqdan ibarətdir.

 

“Təəssüflər olsun ki, Azərbaycanın regional təhlükəsizlik, enerji daşıyıcıları və digər bir sıra məsələlərdə strateji müttəfiqi olan ABŞ-ın Helsinki Komissiyasının rəhbərliyində belə bir antiturk, ermənipərəsrt şəxs təmsil olunur. Bu dinləmələrin əsas məqsədi Ermənistana və onun Azərbaycan torpaqlarında yaratdığı cinayətkar, separatçı rejimə daha böyük həcmdə maliyyə dəstəyinə nail olmaqdır. Bununla da Ermənistanın separatçılıq faəliyyətinə göz yummaq və münaqişənin həlli prosesində işğalçı ölkənin qeyri-konstruktiv siyasətinə “don” geyindirməyi hədəfləyirlər. Bütövlükdə bu həm də onu göstərir ki, ABŞ-ın Helsinki Komissiyasının prinsipləri və bu istiqamətdə fəaliyyəti yalnız kağız üzərindədir. Bu komissiya ilk növbədə münaqişənin həlli ilə bağlı qarşısına qoyduğu prinsipləri bir daha kobud şəkildə pozur. Bu isə Azərbaycan dövlətinin, vətəndaş cəmiyyəti institutlarının haqlı narazılığına səbəb olur”,- deyə o, bildirib.