Kriminal

Bakıda polis avtomobili vuruldu, ölən var – FOTO

Bakı Dairəvi-1 avtomobil yolunda saat 13 radələrində ölümlə nəticələnən qəza baş verib. Qəza nəticəsində Yol Xətt MMC-nin işçisi dünyasını dəyişib.

Aktor.Az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin başçısı Anar Nəcəfli öz “Facebook” səhifəsində bildirib.

Onun sözzlərinə görə, hadisə avtomobil yolunun “Meyvəli” bazarı istiqamətinə düşən hissəsində baş verib. Belə ki, ərazidə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılarkən 90 FS 151 dövlət nömrə nişanlı yük maşınının sürücüsü idarəetməni itirərək maşını öncə yolda hərəkətdə olan “Pajero” markalı avtomobilə, daha sonra ərazidə xidmət aparan və həmin hissədə işlərin aparıldığı üçün yolun bağlı olduğunu sürücülərə işarələyən BDYPİ-nin Yol Patrul Xidməti avtomobilinə və Yol Xətt MMC-yə məxsus minik maşınına çırparaq, MMC-nin işçisi olan 1972-ci il təvəllüdlü İlqar Əmirovu vurub və yol kənarında quraşdırılmış əyri-xətli dəmir tirlərə dəyərək dayanıb. İlqar Əmirov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

İlkin versiyaya əsasən, hadisə yük maşının əyləc sistemində yaranmış nasazlıq ucbatından baş verib. Faktla bağlı araşdırma aparılır.