Gənclər fonduManşetSağlıqSosial

Gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması

Narkomaniya həyatın sıfır nöqtəsindən aşağıda mənfi sonsuzluğu göstərən soyuqluq şkalasıdır. Ölümdən də aşağıda dayanmış öldürücü və aşağılayıcı simptomları ilə adamları insanlıqdan çıxaran “ağ” bəladır.

Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Bu bəla ilə mübarizə etmək isə o qədər də asan deyil. Narkotik maddə alverçiləri uşaqların, gənclərin sıx toplaşdığı yerlərdə olur, onlara həmin “zəhər”i təklif edirlər. Pul qazanmaq naminə onlar insanları, xüsusilə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar.

Narkotik maddələrin insan orqanizmində yaratdığı fəsadları izah edən tibb elmləri doktoru, professor Adil Qeybulla xatırladıb ki, bu vasitələrdən ən çox yayılanlar xaşxaş, tiryək, marixuana, heroin, kokain və s.-dir:

“Xarici mətbuatda son illər kimyəvi laboratoriyalarda hazırlanan yeni sintetik narkotik maddələrin meydana gəlməsi də əks olunur. Bunlar, xüsusilə təhlükəlidir, çünki birinci dəfədən adamı özünə alışdıra bilir. Narkotiklərdən asılılıq ağır xəstəliyə – narkomaniyaya gətirib çıxarır.  Narkotik maddələr insan sağlamlığına bərpa edilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir.

Narkomaniya keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olur. Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstəliklərə tutulmuş insanlar çoxdur. Narkotik maddə alverçiləri heroin və kokaini yuyucu toz və ya şəkər tozu qatıb satırlar, ona görə də narkomanda şəkər diabeti tez inkişaf edir. Əgər “xalis mal”, yəni heç bir qarışığı olmayan narkotik maddə qəbul olunarsa, zəhərin güclü təsirindən o saat ölmək olar.  Ən dəhşətlisi odur ki, bir neçə dəqiqə ərzində baş beyin zədələnə və bununla da yaşaya-yaşaya şikəstlik əmələ gələ bilər. Belə halda adam düşünmək, hərəkət etmək, reaksiya vermək qabiliyyətini itirir, danışmaq və müxtəlif əşyalardan istifadə etmək imkanından məhrum olur. Bu vəziyyət illərlə davam edə bilər”.

Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə Birləşmiş Millətlər Təşkilatı (BMT) iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Bu məqsədlə bütün dünyada, elə ölkəmizdə də narkomaniya ilə mübarizə tədbirləri həyata keçirilir, xüsusilə, gənclər, yeniyetmələr, məktəblilər arasında maarifləndirmə işi aparılır.

Bu tədbirlərdə aktiv iştirak edən “Gənc Vətəndaş” Maarifləndirmə İctimai Birliyinin icraçı direktoru Günel Səfərova da son illər narkotik istifadəçilərinin artdığını təsdiqləyir. Onun müşahidələrinə görə, gənclərin bu maddələrə aludəçiliyi narkomaniya yaşının azalmasına gətirib, çıxarır:

“Orta məktəblərdə tədris edilən “Həyat bilgisi” fənnində əhəmiyyətli maarifləndirmə materialları yer alıb. Dövlət narkotik maddələrdən istifadənin qarşısını almaq üçün gənclər və yeniyetmələr arasında məlumatlandırma tədbirlərini gücləndirib. BMT-nin qəbul etdiyi proqram çərçivəsində Azərbaycanın rayonlarında görüşlər keçirilir, sosial əhəmiyyətli videoçarxlar, maarifləndirmə materialları insanlara nümayiş etdirilir”.

Səfərova, əsasən gənclərin narkotik maddələrə aludə olmasının, narkotik satışı ilə məşğul olanların tez təsirinə düşməsinin səbəblərini də izah edib:

“Gənclər, yeniyetmələr, uşaqlar həyatı tam anlamırlar. Onlar düşünürlər ki, narkotik vasitələri istifadə etməklə uğur əldə edəcəklər. Yeniyetmə yaşlarında insanlar ətrafdakıların fikirlərinə daha çox inanırlar, ailənin məsləhətləri isə bir qədər arxa plana keçir. Ona görə, cavanları aldadıb, narkotik vasitələrə cəlb etmək, uşaqları bu tora salmaq daha asandır.

Statistikaya görə, narkotikdən istifadə yaşı getdikcə aşağı düşür. Azərbaycanda orta və ali məktəblərin yaxınlığında, uşaqların toplaşdığı yerlərdə narkotik maddələrin satışının qarşısı alınır. Buna ciddi nəzarət var. Amma təəssüf ki, nə qədər tədbir görülsə də, belə faktlar var. Xüsusilə, Bakı kəndlərində, bəzi regionlarımızda gənc narkotik istifadəçilərinə rast gəlirik. Bu təhlükənin qarşısını almaq üçün ailə, valideynlərlə bərabər orta məktəblərdə, təhsil müəssisələrində də ciddi nəzarət həyata keçirilməlidir. Yalnız bu haqda məlumat vermək, təlimlər keçirmək kifayət etmir. Paralel olaraq, təhsil alan şəxsləri, yeniyetmələri, uşaqları müşahidə etmək lazımdır. Şagirdlərin, tələbələrin davranışları şübhəlidirsə, insana narkotik istifadəçisi olduğu mesajını ötürürsə, buna biganə yanaşmaq olmaz. Gənclər təşkilatları müvafiq addımlar atır. Amma belə tədbirlər əhatəli olmalıdır. Sosial mesajlar ünvanlamaq, yolda, küçədə sosial çarxlar yayımlamaq lazımdır. Narkotik istifadə edib, sonradan bu yoldan çəkinən şəxslərin normal həyata dönməsi, uğur hekayələri canlandırılmalıdır. İnsan həyatını məhv edən bu vasitədən imtina edib, həyatına qaldığı yerdən davam edəndə insan hansı müsbət nəticələr əldə edir, – bunu sosial videoçarxlarda vurğulamaq lazımdır”.

Sabiq polis rəisi Mahmud Hacıyev isə narkomaniya ilə mübarizədə hüquq-mühafizə orqanlarının, təhsil və səhiyyə sistemlərinin birgə fəaliyyət göstərməsinin tərəfdarıdır. O, hesab edir ki, kompleks mübarizə təşkil olunsa, əhatəli tədbirlər keçirilsə, gənclər arasında narkotik aludəçiliyi azalacaqdır:

“Bu bütün dünyanı sarıyan bəladır. Azərbaycanda da narkomaniya bəlasının yayıldığı istisna deyil. Problemə qarşı mübarizə tədbirləri effektiv seçilsə, təkliflər hazırlanıb, hökumətə təqdim edilsə, narkomaniya faizini azaltmaq mümkündür.

Narkomaniya ilə mübarizə, narkotik istifadəçiliyinin cəzalandırılması, onun satışının qarşısının alınmasını şərtləndirən qanun layihələrində boşluqlar mövcuddur. Məsələn, elə şəxslər var, narkotiki dərman kimi qəbul edir. Biz onları da aludəçi adlandırıb, məsuliyyətə cəlb edirik. Halbuki inkişaf etmiş ölkələrdə belə xəstələrə cinayətkar kimi deyil, müalicəyə ehtiyacı olan şəxs kimi baxılır. Onlara inzibati qaydada, məcburi müalicə metodu tətbiq edilir. İzolyasiya olunmuş xüsusi tibb şəhərciyində yüksək səviyyədə müalicə alırlar.

Azərbaycanda bu istiqamətdə mövcud olan problemləri ilk olaraq, qanunvericilikdə uyğun tənzimləməni həyata keçirməklə başlaya bilərik. Daha sonra, qeyd etdiyim kimi, təhsil, səhiyyə sahəsi və hüquq mühafizə orqanları birgə fəaliyyət planı hazırlamalıdır”.

Aysel Aslan