GündəmManşetSiyasət

Heydər Əliyevin hakimiyyəti dövründə əməli addımlar atıldı – SPİKER

Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunan xüsusi iclas keçirilib.İclasda çıxış edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, 1960-cı illərin sonları və 1990-cı illərin əvvələrində Ulu Öndərin hakimiyyətə gəlişi xalqımızın ən ağır sınaqları dövrünə təsadüf edir.

Spikerin sözlərinə görə, hər iki dövrdə Ümummilli Liderin yüksək idarəçiliyi sayəsində Azərbaycan mühüm inkişaf yolu keçib: “Ulu Öndər müstəqillik yolunda maneələri qabaqcadan görür, onların aradan qaldırılması istiqamətində mühüm addımlar atırdı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Konstitusiyası qəbul edilmiş, xalqın mənafeyinin müdafiəsi üçün mühüm işlər görülmüşdü”.

O.Əsədov qeyd edib ki, Ulu Öndərin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə bir sıra təhsil ocaqları yaradılıb, çoxlu sayda gənclər oxumaq üçün Rusiyanın müxtəlif təhsil ocaqlarına göndərilib: “İmperiya dövründə Azərbaycanın müstəqilliyi üçün möhkəm zəmin yaradıldı. Ulu Öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafı üçün əlindən gələni edib. O, ölkəmizə münasibətdə düşmənçilik mövqeyi tutanlara qarşı ən böyük maneə idi”.

O söyləyib ki, Heydər Əliyevin Sovet hakimiyyətində vəzifədən uzaqlaşdırılması Azərbaycan qarşı hazırlanan məkrli planın ilk addımı idi:

“1990-ci illərin əvvələrində Azərbaycanda hakimiyyətin səriştəsizliyi ölkəni uçuruma sürükləyirdi. Lakin Ümummilli Liderin fəaliyyəti nəticəsində Azərbaycan üçün hazırlanan ssenari həyata keçmədi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, Ulu Öndərin fəaliyyəti nəticəsində Azərbaycanın müasir müstəqiliyini qoruyub saxlamaq mümkün oldu. Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Ali Sovetə sədr seçilməsi ilə başlandı. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyəti olan bir sıra qərarlar qəbul edildi. 1993-2003-cü illərdə Heydər Əliyevin həyata keçirdiyi işlər öz miqyasına görə insanı heyrətə gətirir. Ümummilli Lider Azərbaycanda böhranın qarşısını almaqla yanaşı, vətəndaş müharibəsinin də qarşısını aldı. Cəbhə xəttində atəşkəs elan olundu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar sülh danışıqlarına başlanıldı, ölkə daxilində ictimai-siyasi sabitlik təmin olundu. Neft strategiyasının həyata keçirilməsi üçün şərait yaradıldı, Azərbaycana milyardlarla dollar investisiya qoyuldu. Neft sənayesinin dirçəlməsi qeyri-neft sektorunun inklişafına şərait yaratdı. Bazar iqtisadiyyatı bərqərar oldu. Ölkəmiz ardıcıl inkişaf yoluna qədəm qoydu, dünyanın bir çox ölkələri ilə dostluq münasibətləri quruldu”.

Ümummilli Liderin hakimiyyəti dövründə mühüm islahatların həyata keçirildiyini deyən O.Əsədov qeyd edib ki, görülən işlər nəticəsində Azərbaycanın dünyada nüfuzu artmağa başladı:

“Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın inkişafı üçün lazımi tədbirlər görüldü. Azərbaycançılıq, milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünya Azərbaycanlıların qurultaylarının keçirilməsi ənənə halını aldı. Ümummilli Lider hakimiyyətdə olduğu dövrdə parlamentə də böyük diqqət göstərib. Milli Məclis Ulu Öndərin təşəbbüsü ilə çoxlu sayda qanunvericilik aktı qəbul edib”.