Monteneqroda “Heydər Əliyev kuboku” uğrunda şahmat turniri keçirilib
2018-ci ilin 2-3 may tarixlərində Azərbaycan – Monteneqro mədəni və iqtisadi mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə ikigünlük “Heydər Əliyev kuboku” şahmat turniri keçirilib.
Aktor.Az xəbər verir ki, turniri Mərkəzin direktoru Seyran Mirzəzadə açaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri haqqında iştirakçılara məlumat verib. H.Əliyevin 90-cı illərdə Azərbaycanın dövlət müstəqilliyini itirmək ərəfəsində olarkən ölkəyə sahib çıxdığını, xalqımızı böyük təhlükədən xilas etdiyini diqqətə çatdırıb, Azərbaycan xalqının bu dahi şəxsiyyətin xidmətlərini heç vaxt unutmayacağını bildirib.
Heydər Əliyevin Azərbaycanda şahmatın inkişafına da xüsusi önəm verdiyini nəzərə alaraq, anadan olmasının 95-ci ildönümü münasibətilə məhz şahmat turnirinin keçirilməsinin qərara alındığını söyləyib. Məhz dövlətin xüsusi diqqəti və dəstəyi sayəsində şahmat dünyasında Azərbaycanın özünəməxsus yeri olduğunu bildirib və 2017-ci ildə ölkəmizin şahmat üzrə Avropa çempionu olduğunu xatırladıb. 8 il ərzində Azərbaycanın üç dəfə bu titulu qazanmasının tarixi qələbə olduğunu qeyd edib.
Monteneqro Şahmat Birliyinin prezidenti Radoyicsa Qrba çıxışında, Heydər Əliyevin Azərbaycan xalqının rifahı üçün göstərdiyi xidmətlərdən təsirləndiyini, xalqların böyüklüyünün öz tarixi şəxsiyyətlərinə verdiyi dəyərlə ölçüldüyünü və bu mənada Azərbaycanlıların böyük xalq olduğunu bildirib. Belə bir turnirin təşkilatçısı olmaqdan şərəf duyduqlarını ifadə edib. Azərbaycan xalqının istedadı və dövlət dəstəyi nəticəsində Azərbaycanın şahmat dünyasında fövqəl güclərdən biri olduğunu deyib.
Turnirdə, Monteneqronun ilk qrossmeysteri, dəfələrlə şahmat üzrə ölkə çempionu, keçmiş Yuqoslaviyanın 5 qat çempionu, bir sıra beynəlxalq turnirlərin qalibi, Monteneqronun sabiq idman naziri Bojidar İvanoviç, o cümlədən, Nikola Dukiç, Neboyşa Nikçeviç, Blajo Kaleziç, Boro Milyaniç, Predrag Nikaç, Vladimir Paykoviç, Andrey Sukoviç kimi tanınmış şahmat ustaları, Monteneqronun yığma və olimpiya komandasının üzvləri, qrossmeysterləri, beynəlxalq ustaları və FİDE ustaları iştirak ediblər.
S.Mirzəzadə şahmat turnirinin təşkilinə göstərdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinə, Monteneqronun Şahmat birliyinə və “Azmont Investments” şirkətinə təşəkkürünü bildirib.
Turnirdə “Heydər Əliyev kubokunu” Blajo Kaleziç qazanmışdır. Azərbaycan Respublikasının Monteneqrodakı Diplomatik Nümayəndəliyinin müşaviri Anar Əcəmov və Azərbaycan – Monteneqro mədəni və iqtisadi mərkəzinin direktoru Seyran Mirzəzadə qalib və iştirakçılara təltifləri təqdim ediblər. Təltiflərlə yanaşı AR MM-in deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmov və yazıçı-jurnalist Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən monteneqro dilinə tərcümə edilmiş “Heydər Əliyev” kitabı da təqdim olunub.
Turnir böyük marağa səbəb olub və yerli KİV-də geniş işıqlandırılıb.