Almaniyada doktorluq işi təqdim edən ilk azərbaycanlı – MÜSAHİBƏ
Almaniyada radiologiya sahəsində doktorluq dissertasiyasını müdafiə edən ilk azərbaycanlı həkimdir. Arzuların, xəyalların bir gün mütləq gerçəkləşəcəyinə inanır. Deyir ki, hər bir uğurun önündə çox çalışmaq dayanır. Ona görə, məqsədi, arzusu olan bütün insanlar yalnız çalışaraq istədiklərinə nail ola bilər. Bunun üçün nə fitri istedad, nə də “day-day” lazımdır. Çox çalışmaq, yaşından asılı olmayaraq, insanı cızdığı bütün uğur yollarına sürətlə aparır.
Müsahibimiz tibb elmləri doktoru, Köln Universitet Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun həkim radioloqu, Avropa, Amerika və Almaniya radioloqlar cəmiyyətinin üzvü Nuran Abdullayevdir.
Müsahibimiz xarici dillər təmayüllü gimnaziyanı bitirdikdən sonra Tibb Universitetinə qəbul olub. İkinci kursdan tibb təhsilini davam etdirmək üçün xaricdə təhsillə maraqlanıb: “Təəssüf ki, ilk vaxtlar viza məsələlərinə görə, Almaniyada təhsil almaq alınmadı. Mən də “qismət” deyib, Türkiyəyə getdim. O vaxt Türkiyədə yay praktikaları var idi. Türkiyəyə getsəm də, Almaniya arzum üçün çalışırdım. Yeniliklər arxasınca getmək, sənətimi inkişaf etdirmək, yenilikləri Azərbaycana gətirmək kimi fikirlərim var idi. Türkiyədə hər il İstanbulun Çapa Universitetində yay praktikalarında təcrübə keçdim. Artıq son illərdə həyatımın qərarını verməli və ixtisas seçimimi etməli idim. Ya Azərbaycanda qalıb rezidentura oxumalı, ya da xarici ölkədə təhsilimi davam etdirməli idim. Təbii ki, qərarım radiologiya və Almaniya oldu. Amma alman dilini bilmədiyim üçün məni qəbul etmələri çətin məsələ idi. Köln Universitetinə ingilis dilində məktub yazdım və qeyd etdim ki, alman dilində biliklərim yoxdur, mənə şans yaratsalar qısa müddət ərzində öyrənərəm. Köln Universitetinin professoru məktubda mənə qısa bir cavab yazdı: “Mənim motivasiyalı gənclərə həmişə dəstəyim olur”. Sənədlərimi hazırladım və 4 il əvvəl arzusunda olduğum Almaniya təhsilinin ardınca getdim”.
– Alman dilini bilmədən həmin ölkədə həkim işləmək demək olar ki, mümkün deyil. Arzularınızın “suya” düşməsindən qorxmurdunuz?
– Həqiqətən nə olacağını bilmirdim. Amma məqsədim var idi və ona çatmaq üçün dayanmadan çalışırdım. Arzum suya düşsə də, arxasınca getməli idim. Valideynlərim də tam razı deyildilər. Mən onlara bildirsəydim ki, professor məni dəvət edib, amma bu o demək deyil ki, məni işə götürəcək, getməyimə icazə verməyəcəkdilər. “Şirin yalan” danışdım ki, artıq məni Almaniyada işə çağırıblar və həmin ölkəyə yollandım. İlk görüşümüzdə professorla bütün danışıqlarımız ingilis dilində idi. O, mənə dedi ki, istəyərəm burada mənimlə çalışasan, amma sənə dil öyrənmək üçün bir il vaxt lazımdır. Xahiş etdim ki, mən dili öyrənməyə başlayıram, sadəcə mənə icazə verin, səhər saat 8-dən günortaya qədər klinikada olum. Heç bir maaş istəmirəm. Səhər klinikaya gedirdim, axşam kursa. 3 aylıq vizam bitirdi. Bir şərtlə artırıla bilərdi ki, mənim orada işim olsun. 2 ay 20 gün sonra professorun yanına getdim və almanca danışdım. Professor inanmadı və dedi ki 2 aya dili öyrənə bilməzsən, yəqin ki, məni təsirləndirmək üçün almanca danışırsan. Xarici dillər təmayüllü gimnaziyanı bitirdiyimə görə, dili çox asan qavrayıram. Mən ona dedim ki, Azərbaycana qayıdıram, sadəcə sizə təşəkkür etməyə gəlmişəm. Professor mənimlə çalışmaq istədiyini bildirdi. Onun bir qərarı həyatımı dəyişdi. Təsəvvür edirsiniz, bu, mənim xəyalım idi. Həmin vaxt həkim işləmək üçün 2 yol var idi. Bir işçi icazəsi, bir də Almaniyada dövlət imtahanını verib diplomumu təsdiqlətmək. İşçi icazəmlə 3 il işləyə bilərdim, amma imtahanı verməyə qərar verdim. 9 aya yaxın hər gün işdən sonra günüm kitabxanalarda keçirdi. Baxmayaraq ki, həkim kimi işləyirdim, amma onların təhsil proqramını bilməli idim. İlk 9 ay ərzində saat 5-ə kimi xəstəxanada həkim kimi işlədim. İşdən sonra isə saat 11-12-yə kimi vaxtımı kitabxanada keçirirdim. İmtahana girdim və 7 saat çəkdi. Ümumi 5 nəfər idik. Son mərhələdə professorlar bütün tibbi bilikləri yoxlayırlar və tələbələri bir-bir çağırıb qiymət verirlər. Əslində mənə verilən sualların hamısını cavablandırmışdım, amma məndən əvvəl girənlərin hamısı kəsildiyi üçün qorxurdum. İçəri girdim və mənə dedilər ki, biz inanırıq ki, siz Almaniyada gözlədiyimiz həkimlərdən olacaqsız. Bu, mənim üçün qeyri-adi hal idi. Ondan sonra karyerada qarşımda çox böyük yol açıldı. Nəinki klinik, artıq Almaniyada elmi işlərin aparılmasında iştirak etməyə başladım. Almaniyada mənim sahəmdə ilk doktorluq dissertasiyasını edən ən gənc həkim və Almaniyanın radiologiya cəmiyyətinə doktorluq işi təqdim olunan ilk azərbaycanlı oldum.
– Direktor məktubda Azərbaycanı tanımadığını bildirib. Almaniya kimi ölkədə yad bir vətəndaşın inkişafı çətin deyildi?
– Azərbaycan haqqında bilikləri çox az idi. Bəli, direktorum ümumiyyətlə tanımırdı. Bu, üzərimə düşən məsuliyyəti daha da artırdı. Bu o demək idi ki, onlar Azərbaycanı mənimlə tanıyacaqdılar. Mən onlara sübut etmək istəyirdim ki, bizim ölkənin ərazisi kiçik olsa da, çox savadlı və bacarıqlı həkimlər, gənclər var. Apardığımız elmi araşdırmaların nəticəsində komandada fərqləndikcə, bir pillə qabağa gedirsən. Bunu başqa ölkədə etmək mənim üçün böyük uğur idi. Almaniyada hər hansı gənc, az yaşda böyük uğurlara imza atırsa, o, həqiqətən cəmiyyət tərəfindən çox yaxşı qiymətləndirilir və qəbul olunur. Onlarda “gəncdirsə təcrübəsi azdır” düşüncəsi yoxdur. Bir gənc uğur qazanırsa, deyirlər ki, bu insan gənc yaşında bunu edibsə, bunun qarşısını almaq olmayacaq. İndi direktorum Azərbaycan haqqında yüksək fikirdədir.
– Nuran həkim, niyə məhz radiologiya sahəsini seçdiniz?
– Əmilərim, bibilərim həkimdir. Məndə həkimliyə olan sevgini ailəm yaradıb. Təbii, çox uşaq həkim olmaq istəyir, böyüdükcə fikirləri dəyişir. Amma mən uşaqlıqdan əmin idim həkim olacağam və o gücü hiss edirdim. Həkimliyin hansı sahəsini seçməyə gəldikdə isə düşünürdüm ki, çoxşaxəli olsun. Mənə uyğun olan radiologiya idi. Radiologiyada tibbin bütün sahələri cəmləşib. Burada cərrahiyə də var, diaqnostika da. Mən də radiologiyanın bütün sahələrinə yiyələndim. Diaqnostika ilə yanaşı, əməliyyatları da öyrəndim.
– Radioloqlara tibdə gizli qəhrəmanlar deyirlər. Diaqnozlar məhz radioloqlar vasitəsilə qoyulur. Bu məsuliyyət ağır deyil?
– Təbii ki, elədir. Həqiqətən məsuliyyəti çox olan sahədir. Məncə, həkimdən bir pillə yuxarıda düşünməlidir. Çünki bütün diaqnozların hamısı radioloqdan gəlir. Şərəfli iş olduğunu düşünürəm. Şərəfli olduğuna görə, cavabdehliyi çoxdur. Cavabdehliyi çox olduğu üçün isə ikiqat məsuliyyət tələb edir. Amma işimdən zövq alıram və çətinliklər məni qorxutmur. Radiologiyanın tibb elmində ən böyük rolu odur ki, bütün diaqnostika radiologiya sahəsinə aiddir. Xərçəng xəstəliklərinin xırda patologiyalarından tutmuş, müalicə oluna biləcək böyük patologiyalara qədər bütün xəstəliklərin müayinəsində radioloji diaqnostika metodu tətbiq edilir. Radiologiya inkişaf etdikcə, tibb inkişaf edir. Beyində aparılan əməliyyatlar üçün 20 il əvvəl neyrocərrahlara müraciət edilirdisə, bu gün artıq neyroradioloqlar müdaxilə edir.
– Azərbaycanlı pasiyentlərlə, alman pasiyentlərin fərqi nədir?
– Burada milli mədəniyyət, məsələlərə baxış tərzi çox rol oynayır. Almaniyada xəstə öz xəstəliyini dərk edir. Həkimə çox güvənir və həkimin öz sahəsini ondan çox bildiyini anlayır. Həkim və xəstə hər ikisi bir-birinə inanır, bir-birləri ilə tam açıq şəkildə danışa bilirlər. Məsələn, həkim xəstəyə deyə bilər ki, sizin müalicəni bura qədər aparacağam, amma sonrasını bilmirəm. Yaxud izah edir ki, bu müalicə metodunda siz ağırlaşa bilərsiniz. Almaniyada xəstələrlə bağlı fərqli qanunlar var. Hər bir xəstə artıq müayinəyə gələrkən bilir ki, hər bir xəstəlik ölümlə nəticələnə bilər. Xəstə dərk edir ki, hər şey yolunda göründüyü zaman belə, beyin qanamasından ani ölə bilər. Sağlam insan belə, yolda gedərkən yıxılıb ölə bilər. Amma bizdə deyirlər ki, sağlam insan ölməməlidi. Ölürsə, həkim günahkardır. Düşünürəm ki, Azərbaycanda hansısa xəstəyə ölmək ehtimalı olduğunu demək olmaz. Bu, bizdə tam fərqli qəbul olunar.
– Gənc yaşınızda, hətta universiteti bitirmədən ailə qurubsunuz. Tez ailə qurmaq karyeraya mane olurmu?
– Məncə, ailə karyeraya dəstəkdir. Həyat yoldaşım qrup yoldaşım olub və o da həkimdir. Biz bir-birimizi qarşılıqlı başa düşmüşük. Əgər məqsədlərin varsa, düşünmürəm ki, ailə karyeraya təsir edə bilər. Almaniyada professorlar böyük klinika rəhbərləri ailəlidirlər və xoşbəxtdirlər. Almaniyaya gedəndə mən artıq ailəli idim və bir övladım var idi. Onları Azərbaycanda qoyub karyeramın arxasınca getməli idim. Həyat yoldaşım mənə inandı və dəstək oldu. Bu gün də həyat yoldaşıma minnətdaram və düşünürəm ki, onun dəstəyi olmadan bunları edə bilməzdim. Həyat yoldaşımın həmin vaxt ən böyük motivasiyam idi.
– Yapon həkimin belə bir sözü var ki, ağrını unutmağın yolu əylənməkdir? Həkim kimi siz necə düşünürsünüz?
– Hər insan ağrı-acını hiss etməlidir ki, ağrı-acısız günlərin qədrini bilsin. Xəstə olmalıdır ki, sağlamlığının qədrini bilsin. Sağlamlığının qeydinə qalmayanda, hiss edilən ağrını heç bir əyləncə unutdurmaz.
– Ənənəvi sualımız – uğurunuzun sirri nədir?
– O sualı özümə dəfələrlə vermişəm. Mənim həyatımda bu günə qədər qazandığım uğurların səbəbi sadəcə, çalışqan olmağımdır. Məndə heç bir fitri istedad yoxdur. Düşünürəm ki, hər bir kəs qarşısına məqsəd qoysa və məqsədinə görə çalışsa, ona çatar. Elə bir məqsəd yoxdur ki, insan ona çatmasın. Çalışqanlıq uğurun açarıdır./Kaspi.az