AzMİU-da Heydər Əliyevin anadan olmasına həsr edilmiş konfrans keçirilib
Mayın 5-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci il ildönümünə həsr edilmiş tələbə və magistrantların XXXX elmi konfransı keçirilib. Bu barədə unversitetdən Aktor.Az-a daxil olan məlumatda deyilir.
Ənənəvi olaraq hər il keçirilən konfransı açıq elan edən AzMİU-nun elm və texnika işləri üzrə prorektoru professor Arif Şərifov ulu öndərin elm və təhsil sahəsinin inkişafını daim diqqətdə saxladığını, bu ənənənin ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini söyləyib. O, universitetdə keçirilən tələbə və magistrantların sayca 40-cı konfransına tələbələrin və magistrantların marağının yüksək olduğunu deyib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova konfransın işinə uğurlar arzulayaraq, tələbə və magistrantların elmi – tədqiqat işlərinə cəlb edilməsinin əhəmiyyətinə toxunub. Belə konfransların məzmun və məqsədinin tələbələri elmi-tədqiqat işlərinə cəlb etmək, gələcək mütəxəssislərin hazırlıq səviyyəsini yüksəltmək, magistrantların araşdırmalarını elmi ictimaiyyətə təqdim etmək olduğunu bildirib.
Rektor, həmçinin ümummilli lider Heydər Əliyevin təhsil, memarlıq və inşaat sahəsində gördüyü mühüm işlərdən də danışıb, çoxşaxəli siyasi fəaliyyətinə diqqət çəkib. Ulu öndərin Azərbaycanın XX əsrdə intibahını təmin edən böyük azərbaycanlı, əsl ziyalı, müdrik lider olduğunu söyləyib. G.Məmmədova həyatımızın hər bir sahəsində ulu öndərin misilsiz yeri, rolu və xidmətlərinin olduğunu deyib. Bu yolun ölkə başçısı tərəfindən layiqincə davam etdirildiyini və Azərbaycan xalqına uğur, inkişaf, səadət gətirdiyini vurğulayıb.
Sonda AzMİU-nun İnşaat konstruksiyaları kafedrasının dosenti Hüseyn Xəlilovun “Yüksəkmərtəbəli binaların diafraqmalarının kəsilən və kəsilməz olduğu hallarda karkasın qəbul etdiyi qüvvələrin ədədi təhlili”, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin magistrantı Kamilə Cəfərlinin “Azərbaycan Respublikasında kiçik çayların təbii sərvətləri və enerji mənbələri” mövzusunda məruzələri dinlənilib.
Sonra konfrans öz işini bölmələrdə davam etdirib. Bildirək ki, iki gün davam edəcək konfransın bölmə iclaslarında tələbə və magistrantların 570-dək elmi məruzəsinin dinlənilməsi nəzərdə tutulub.