Əflatun Amaşov parlamentdə AXC-nin yubileyindən danışıb
Hesab edirəm ki, cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi bu baxımdan son dərəcə vacibdir.Aktor.Az xəbər verir ki, bu sözləri millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin plenar iclasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşının tamam olmasını şərh edərkən belə deyib.
Onun fikirlərini olduğu kimi diqqətə çatdırırıq:
“May ayı bizim üçün olduqca əlamətdardır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 yaşı tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncam qarşımızda mühüm vəzifələr müəyyənləşdirir.
Xalq Cümhuriyyətimizin yaranması bütövlükdə Şərq aləmi üçün müstəsna hadisədir. Tanrı bizə o xöşbəxtliyi nəsib edib ki, biz Şərqdə ilk demokratik respublikanı, parlamenti quranların varisləriyik. Biz bununla fəxr edirik. Elə etməliyik ki, bu irsə varisliyimizi əməli nümunələrdə göstərək. Hesab edirəm ki, cümhuriyyətin 100 illiyi ilə bağlı yubiley medalının təsis edilməsi bu baxımdan son dərəcə vacibdir. Bu medal cümhuriyyət irsinə sahibliyin, ehtiramın növbəti bariz nümunəsidir.
Düşünürəm ki, həm cənab Prezidentin Sərəncamı, həm də bu yubiley medalı, eləcə də keçirilən və keçiriləcək digər tədbirlər cəmiyyətimizdə Xalq Cümhuriyyətinə, onun liderlərinə vahid münasibətin formalaşmasına mühüm töhfə verəcəkdir. Bu, son dərəcə vacibdir. Çünki indiyədək hələ də Cümhuriyyət liderlərinin tariximizdə oynadığı rola mübahisəli yanaşanlar var. Əlbəttə, istənilən prosesə münasibətdə elmi mübahisələr hər zaman ola bilər. Ancaq belə mübahisələr sırf elmi mahiyyət daşımalıdır, siyasi konyukturadan uzaq olmalıdır.
Mən əminəm ki, dövlət rəhbərliyinin Cümhuriyyətin tariximizdəki rolunu fundamental qiymətləndirməsi həm bu istiqamətdəki mənasız ritorikanı aradan qaldıracaq, həm də Cümhuriyyət dövrü tarixinə vahid münasibətin formalaşmasında həlledici rol oynayacaqdır”.