“AzerTelecom”un baş sponsorluğu ilə “Golden Byte” müsabiqəsi keçirilir
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayder şirkəti “AzerTelecom” MMC-nin baş sponsorluğu ilə STEP Kompyuter Akademiyası tərəfindən təşkil olunan “Golden Byte” beynəlxalq İT müsabiqəsi keçirilir.
Şirkətdən Aktor.Az-a verilən məlumatda bildirilib ki, “Golden Byte” beynəlxalq İT müsabiqəsində ümumilikdə 10 ölkədən 10 mindən çox iştirakçı təmsil olunur və hər bir ölkədə bu yarışma özündə bir neçə mərhələdən – regional seçim turlarından və regional finaldan ibarətdir ki, “AzerTelecom” şirkəti də bu beynəlxalq İT müsabiqəsinin Azərbaycanda təşkilinə və sonda ölkəmizi Ukraynada keçiriləcək beynəlxalq final mərhələsində təmsil edəcək qaliblərin müəyyən olunmasına Baş sponsor qismində dəstək verir.
“Golden Byte” beynəlxalq İT müsabiqəsi yeni istedadlar və ideyalar üçün yaradılmış strartap sənaye platformasıdır. Müsabiqənin əsas məqsədi gənc mütəxəssislərə öz ideya və biznes layihələrini reallaşdırmaq, investor və vençur fondlarına yeni və güclü layihələr axtarışında yardımçı olmaqdır. “Golden Byte” gənc İT mütəxəssislərinə sözügedən sahənin peşəkarlarından faydalı məsləhətlər almaq, yeni əlaqələr qurmaq və ən əsası, öz layihələrinə investisiya cəlb etmək üçün alternativ bir platformadır və ölkəmizin informasiya və kommunikasiya texnologiyaları sahəsində qabaqcıl şirkət olan “AzerTelecom” bu tip layihələrin uğurlu şəkildə reallaşmasında maraqlıdır.
Qeyd edək ki, ölkəmizdə bu beynəlxalq müsabiqənin keçirilməsi və regional seçib turlarının baş tutmasına fevral ayından start verilib və bu günə qədər iki regional yarımfinal mərhələsi baş tutub. Regional finalın isə may ayında keçirilməsi nəzərdə tutulub. Regional finalın qalibləri ölkəmizi Ukraynanın Kiyev şəhərində keçiriləcək müsabiqənin beynəlxalq finalında təmsil edəcəklər.
STEP Kompyuter Akademiyası barədə:
STEP Kompyuter Akademiyası 1999-cu ildən fəaliyyət göstərir və kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Akademiya Azərbaycan da daxil olmaqla dünyanın 16 ölkəsində fəaliyyət göstərir və ümumilikdə 20 min tələbə və 80 min məzuna sahibdir.
“AzerTelecom” MMC barədə:
“AzerTelecom” MMC Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. “AzerTelecom” şirkəti internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil və stasionar telekommunikasiya şəbəkələrində informasiyanın daşınması, beynəlxalq tranzit, SİP telefoniya, FTTx (fiber optik xətt xidməti), Data mərkəz xidmətləri, VSAT xidmətləri, Korporativ şəbəkə, Backbone xidmətləri, GSM üzərindən ayrılmış xətt, VPN (virtual şəxsi şəbəkə), lokal VoİP, DDOS hücumundan müdafiə və digər xidmətlər təqdim edir.
Şirkət haqqında daha ətraflı məlumatı şirkətin www.azertelecom.az rəsmi internet saytından və Facebook (www.facebook.com/azertelecom.az) və LinkedIn (www.linkedin.com/company/azertelecom.az) sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.