“Qarabağ klanı”nın girovluğundan xilas oldular – DEPUTAT
Ermənistan xalqı 20 ildən artıq müddətdə Dağlıq Qarabağ kartı ilə onu girov saxlayan, bütün regional və beynəlxalq layihələrdə iştirakdan məhrum edən, Ermənistanı işğalçı dövlət kimi dünyaya tanıtdıran “Qarabağ klanı”ndan canını qurtardı.Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, artıq 10 ildir Ermənistanda hakimiyyəti zəbt etmiş Serj Sarkisyan epoxası başa çatdı, xalq etirazları öz nəticəsini verdi və Sarkisyan xalqın istefa tələbini qəbul etməyə məcbur qaldı:
“O xalq ki, məhz Sarkisyanın yeritdiyi işğalçılıq siyasəti nəticəsində dilənçi kökünə düşüb, sürünə-sürünə yaşamaq məcburiyyətində qalıb, eyni zamanda, özlərinin dediyi kimi, “bu lənətə gəlmiş ölkəni tərk etmək”dən başqa çarələri qalmamışdı. Sarkisyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yeritdiyi qeyri-konstruktiv mövqe bu gün Ermənistanın bu ağır vəziyyətini şərtləndirən amillər sırasında mühüm mövqeyə malikdir. Ona görə də indi Sarkisyanı əvəz edəcək şəxsin praqmatik siyasətçi olmasına çox böyük ehtiyac var. Elə bir adam Ermənistanda hakimiyyətdə olmalıdır ki, o, Ermənistanın bu gün düşdüyü çıxılmaz vəziyyətin yeganə səbəbinin onun işğalçılıq siyasəti olduğunun və məhz işğalçılıq siyasəti nəticəsində Ermənistan bu gün bumeranq effekti ilə üz-üzə qaldığının, labirintə düşdüyünün və dalana dirəndiyinin çox gözəl fərqinə varmalıdır. Bu bir həqiqətdir. Ona görə də ümid edirik ki, Ermənistanın yeni baş naziri Sarkisyanın siyasətindən fərqli bir siyasət həyata keçirəcək, çünki Sarkisyan siyasətinin davamı mövcud çıxılmaz vəziyyətin davamı deməkdir və o da perspektivdə Sarkisyanın taleyini yaşaya bilər”.
Deputatın sözlərinə görə, Ermənistanda elə bir siyasətçi olmalıdır ki, o, Azərbaycanla danışıqlara gəlib və danışıqlarda praqmatik bir mövqe ortaya qoymalıdır:
“Ermənistanın gələcəyi yalnız və yalnız bu münaqişənin həllindən keçir. Həm də ki, ədalətli həllindən keçir, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasından keçir. Bu baş tutacağı tədqirdə, yəni Ermənistanın yeni baş nazirinin Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytaramağa razılaşacağı tədqirdə, yeni vəziyyət yaranacaq, bu yeni vəziyyətdə isə artıq Ermənistanın Azərbaycanın təşəbbüskarı olduğu irimiqyaslı regional layihələrdə iştirakı məsələsinə baxıla bilər, Ermənistan böyük gəlirlər əldə edə bilər. Ermənistanın nicatı məhz bundan keçir”.