KriminalMedia

AFN MMC məhkəməyə verilib

Tanınmış iş adamı Gülağa Tənha Azerbaijan Favorite News (AFN-www.afn.az) saytını məhkəməyə verib.

Aktor.Az xəbər verir ki, bu barədə saytın baş redaktoru Səbuhi Qafarov məlumat verərək məhkəməyə səbəb olan insident haqda danışıb. Onun sözlərinə görə, AFN-də G.Tənha ilə bağlı bir neçə dəfə yazı dərc edilib: “Bu yazılar digər saytlara istinadla verilib, ən çox da azpolitika.info saytının materialları olub. Üstəlik, məlumatlar konkret olaraq “Real MTK”-nın keçmiş təsisçisi, iş adamı İlham Səfəralı oğlu Qasımovun şikayəti əsasında hazırlanıb. Onları dərc etməyimizin üzərindən bir ildən də çox vaxt keçib. Bir neçə ay əvvəl özünü Gülağa Tənhanın Azərbaycandakı işlərinin nümayəndəsi kimi təqdim edən şəxs, təəssüf ki, adını unutmuşam, mənimlə görüşdü və yazıları çıxarmağımı istədi. Bildirdi ki, bizim istinad etdiyimiz saytlardan yazılar çıxarılıb. Lakin hansı səbəbdən və hansı şərtlər daxilində çıxarılması haqda ətraflı məlumat vermədi. Sadəcə bu barədə məhkəmə qərarı olduğunu dedilər, amma təkidimə baxmayaraq, məhkəmə qərarı ilə məni tanış etmədilər. Belə olduqda bildirdim ki, mən yazıları çıxarmayacam. Və onlara təklif etdim ki, qarşı tərəf kimi mövqeyinizi redaksiyaya təqdim edin. Lakin sonradan mənimlə əlaqə saxlayaraq özünü Gülağa Tənhanın vəkili kimi təqdim edən şəxs dedi ki, siz istinad etdiyiniz saytlarda iş adamı ilə bağlı hər hansı şikayət yazılarının olduğunu sübut edin. Mən məhkəmə zamanı bunu sübut edəcəm. Əgər maraqlansalar nə ilə, bəribaşdan deyə bilərəm: ötən ilin sentyabrında Gülağa Tənhanın İlham Qasımovun şikayətini dərc edən 7 saytı məhkəməyə verməsi ilə bağlı xəbərlər mediada dərc edilib. Hansı ki, biz də həmin saytlara istinadla dərc etmişik həmin yazıları. Mən iş adamının vəkilindən soruşuram: əgər o saytlarda elə yazılar getməmişdisə niyə məhkəməyə verirdiz? Vermisinizsə və məhkəmə də yazıların çıxarılması ilə bağlı qərar çıxarıbsa niyə o qərarla bizi tanış etmədiniz? Halbuki biz o qərarla tanış olsaydıq yazıları çıxarmağa razı idik. Və yaxud niyə siz qarşı tərəf olaraq mövqeyinizi verməyi yox, birbaşa məhkəməyə müraciət etməyi üstün tutursunuz? İş adamının nümayəndəsi mənə deyir ki, Gülağa Tənha ölkəyə xarici investor cəlb edəcək ona görə KİV-də haqqında pis yazı getməsini, reputasiyasının zədələnməsini istəmir. Deməli, Gülağa Tənha öz reputasiyası naminə prezident İlham Əliyevin “mənim dostlarım” dediyi jurnalistlərə məhkəmə yolu ilə təzyiq etmək fikrindədir”.

S.Qafarov iş adamının iddiasını absurd adlandırıb: “Adamın haqqında konkret şikayət var və bununla bağlı yazı dərc edilib, tələb edirlər ki, yazını çıxarın. Halbuki bu zaman biz qarşı tərəfə haqsızlıq etmiş olacağıq. Yazının saytdan çıxarılmasını tələb etmək absurd iddiadır”.

Qeyd edək ki, məhkəmə prosesi 07.05.2018-ci il tarixdə Nəsimi rayon Məhkəməsindədir.