Siyasət

Elçin Əhmədov: Prezident İlham Əliyev Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyini bəyan etdi

Aprelin 11-də ölkə qanunvericiliyinə uyğun olaraq azad, demokratik, ədalətli və şəffaf şəkildə keçirilmiş prezident seçkilərində Azərbaycan Respublikası vətəndaşları öz siyasi iradələrini bir daha ifadə edərək dövlət başçısı İlham Əliyevə yenidən böyük inam və etimad göstərdi.

Prezident İlham Əliyev aprelin 18-də keçirilmiş andiçmə mərasimində ötən 15 il ərzində Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salaraq müasir dövrdə dövlət siyasətinin prioritet istiqamətlərini açıqladı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov bildirib.
Elçin Əhmədov deyib ki, dövlət başçısı prezident seçkilərində Azərbaycan xalqının görülən işlərə yüksək qiymət verdiyini, xüsusilə inkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs verdiyini bildirdi: “Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş “exit-poll”lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir”.
Ümummilli lider Heydər Əliyev siyasətinə sadiq qalaraq və son 15 il ərzində bu yolla gedərək böyük uğurlara imza atdığımızı, Azərbaycan xalqının təhlükəsizlik, sabitlik şəraitində yaşadığını bildirən Prezident İlham Əliyev bu dövr ərzində dünyanın müxtəlif bölgələrində, o cümlədən bizim bölgəmizdə, eləcə də Avropada çox təhlükəli proseslərin – qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, dövlət çevrilişlərinin baş verdiyini diqqətə çatdırdı.
Təhlükəsizlik baxımından son 15 ilin çox gərgin keçdiyini, Azərbaycanda isə xalqımızın təhlükəsizlik şəraitində yaşadığını qeyd edən Prezident deyib: “Biz daxili risklərin hamısını aradan qaldırdıq, xarici risklərdən isə özümüzü qoruya bilmişik, bu gün də qoruyuruq, əminəm ki, bundan sonra da qoruyacağıq. Bu da inkişafımız üçün əsas şərtdir”. Dövlət başçısı bildirib ki, Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə, xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir. Prezident İlham Əliyev diqqətə çatdırdı ki, sabitlik pozulanda inkişafdan söhbət gedə bilməz və sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür.
Azərbaycanda ötən 15 il ərzində demokratik inkişafın çox sürətlə getdiyini, ölkəmizdə bütün azadlıqların təmin edildiyini və demokratik inkişaf baxımından çox uğurlu illər olduğunu, siyasi islahatları dərinləşdirərək bütün azadlıqları – söz azadlığını, mətbuat azadlığını, sərbəst toplaşma azadlığını, siyasi fəaliyyət azadlığını təmin etdiyimizi diqqətə çatdıran dövlət başçısı bu gün Azərbaycan vətəndaşlarının 80 faizinin internet istifadəçiləri olduğunu, eləcə də internetin Azərbaycanda azad olduğunu bildirib.
Bununla yanaşı, dövlət başçısı son 15 il ərzində Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyillər müşahidə olunduğunu və prezident seçkiləri kampaniyasının bunu bir daha göstərdiyini bildirərək deyib: “Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənmişdir, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm. Bu, siyasi mübarizənin düzgün istiqamətdə inkişaf etməsindən xəbər verir. Qeyd etməliyəm ki, prezident seçkiləri kampaniyası zamanı namizədlər tərəfindən qaldırılmış məsələlərə diqqətlə baxılacaq və dəyərli təkliflər nəzərə alınacaqdır”.
Eyni zamanda, Prezident antimilli qruplaşmanın tam marginallaşdığını vurğulayaraq bildirdi ki, bu seçkilər onların Azərbaycanın siyasi səhnəsində yerinin olmadığını bir daha göstərdi: “Xarici qrant, ianə hesabına fəaliyyət göstərən, öz dövlətinə qarşı çıxış edən, bir çox hallarda milli satqınlıq nümayiş etdirən ünsürlərə Azərbaycan xalqı bir daha öz yerini göstərdi. Seçkilərdən əvvəl və seçkilərdən sonra onların təşkil etdikləri yığıncaqlar bir daha onu göstərir ki, Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma Azərbaycanda hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır”.
Son 15 il ərzində dünyada çox təhlükəli proseslərin cərəyan etdiyini, islamofobiya, ksenofobiya, ayrı-seçkiliyin artıq bəzi ölkələrdə dövlət siyasətinə çevrildiyini, başqa millətlərin, dinlərin nümayəndələrinə mənfi münasibət göstərildiyini diqqətə çatdıran Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinin Azərbaycanda tam bərqərar olduğunu, Azərbaycan xalqının vahid milli ideya ətrafında birləşdiyini və ölkəmizin çox uğurla inkişaf etdiyini, Azərbaycanda dinlərarası, millətlərarası münasibətlərin nümunəvi xarakter daşıdığını diqqətə çatdırdı.
Dövlət başçısı Azərbaycanın son 15 il ərzində beynəlxalq aləmdə böyük uğurlara imza atdığını, dünyadakı mövqelərimizin möhkəmləndiyini, Azərbaycanın çox müsbət beynəlxalq reputasiyaya malik olan bir ölkə olduğunu və əldə edilmiş nəticələr, qəbul edilmiş qərarların bunu bir daha təsdiqlədiyini bildirdi və qeyd etdi ki, bunun ən bariz nümunəsi bizim 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına seçilməyimiz olub. Bu, gənc müstəqil dövlət üçün çox böyük nailiyyətdir və bu, onu göstərir ki, dünya birliyinin mütləq əksəriyyəti bizi dəstəkləyir.
Prezident İlham Əliyev 15 il ərzində qonşu dövlətlərlə daha da sıx münasibətlərin qurulduğunu, ikitərəfli münasibətlərimizin indi ən yüksək səviyyədə olduğunu bildirməklə yanaşı, çoxtərəfli əməkdaşlığın da Azərbaycanın təşəbbüsü ilə baş verdiyini, bizim təşəbbüsümüzlə dörd qonşu ölkə ilə dörd çoxtərəfli əməkdaşlıq formatı yaradıldığını və bunun işlək formatlar kimi bütün qonşu ölkələr, o cümlədən Azərbaycan üçün böyük fayda verdiyini, eyni zamanda, qonşularla isti münasibətlərimizin regional sabitliyə, təhlükəsizliyə də öz müsbət təsirini göstərdiyini qeyd etdi. Bununla yanaşı, Prezident bildirdi ki, son 15 il ərzində beynəlxalq təşkilatlar çərçivəsində çox fəal iştirak edirik və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bizim ədalətli mövqeyimizi dəstəkləyir. Son 15 il ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar münaqişə ilə bağlı bizim təklifimizi qəbul edərək çox önəmli qətnamələr qəbul ediblər. Münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən dövlət başçısı bir daha diqqətə çatdırdı ki, BMT-nin Baş Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM və digər təşkilatlar münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən qətnamələr qəbul edib. Ondan əvvəlki dövrdə isə BMT Təhlükəsizlik Şurası və ATƏT qətnamələr qəbul edib ki, bu, münaqişənin həlli üçün hüquqi baza yaradır. Eyni zamanda, Ermənistanın işğalçı siyasətini ifşa etdiyimizi bildirən dövlət başçısı qeyd etdi ki, Ermənistan bu gün bütün regional layihələrdən təcrid edilmiş vəziyyətdədir, həmçinin erməni lobbi təşkilatları bizə qarşı kampaniyalar aparmasına baxmayaraq, dünyaya bir daha sübut edə bilmişik ki, biz haqlıyıq.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu bildirən Prezident İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın: “Onu da biz dünya birliyinə, ictimaiyyətinə çatdırırıq ki, nəinki Dağlıq Qarabağ, indiki Ermənistan bizim tarixi torpaqlarımızdır. Təkcə sözlə yox, biz sübutlarla dünya birliyinə bunu çatdırırıq. Elmi əsərlər yazılır, arxivlər qaldırılır, tarixi kitablar yazılır. Bunu sübut edən kifayət qədər tarixi sənəd var. XIX əsrin əvvəllərində İrəvan xanlığının əhalisinin 80 faizini azərbaycanlılar təşkil edirdi. Biz bir neçə deportasiyaya məruz qalmışıq. Bütün bunları biz çatdırmalıyıq, çatdırırıq və bu, öz səmərəsini verməkdədir”.
Eyni zamanda, Azərbaycan Prezidenti belə bir məqama da diqqəti cəlb etdi ki, yaxın tarix və bölgədə gedən proseslər bir çox hallarda beynəlxalq hüquq normalarının işləmədiyini göstərir: “Kim güclüdür, o da haqlıdır. Biz bunu dəfələrlə görmüşük, bu gün də görürük. Demək olar ki, son 15 il ərzində beynəlxalq davranış qaydaları dəyişdi, beynəlxalq hüquq normaları arxa plana keçdi. Güc amili daha önəm qazandı. Bu, reallıqdır. Biz real həyatda yaşayırıq və reallıqla hesablaşmalıyıq. Bu reallıq bir də onu göstərir ki, bizim ordu quruculuğu ilə bağlı apardığımız siyasət yeganə düzgün siyasətdir. Bu siyasətin əvvəlində böyük işlər görüldü”.
Son 15 il ərzində ordu quruculuğu prosesinin sürətlə getdiyini bildirən dövlət başçısı bu gün Azərbaycan Ordusunun dünya miqyasında təchizat, silah-sursat, texnika, döyüş qabiliyyəti baxımından güclü ordular sırasında olduğunu vurğuladı. O, Aprel döyüşlərini şanlı tariximiz, böyük qələbəmiz kimi dəyərləndirməklə yanaşı, Cocuq Mərcanlı qəsəbəsinin bizim dirçəliş rəmzimizə çevrildiyini bildirdi. Vurğuladı ki, Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının torpaqlarının bir hissəsini işğalçılardan azad edib və artıq minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Prezidenti bizim hərbi qələbəmizin xalqımızın gücünü, yenilməz ruhunu göstərdiyini, eləcə də Azərbaycan xalqının bu işğalla heç vaxt barışmayacağını və öz torpaqlarımızı azad edəcəyimizi vurğulayaraq bəyan etdi ki, buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq.
Prezident İlham Əliyev bütün sahələrdə qazanılan uğurlarla yanaşı, sənaye istehsalının 2,6 dəfə, valyuta ehtiyatlarının 24 dəfə artdığını və bu gün 44 milyard dollara çatdığını bildirərək, ölkəmizə 230 milyard dollardan çox sərmayə qoyulduğunu diqqətə çatdırdı. Bundan əlavə, dövlət başçısı qeyd etdi ki, Davos Dünya İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə 35-ci yerə layiq görüb, inkişaf etməkdə olan ölkələr arasında inklüziv inkişaf indeksinə görə üçüncü yerdəyik. Bu göstəricilər, özlüyündə, hər şeyi açıq-aydın bildirir, onu göstərir ki, iqtisadi sahədə əldə edilmiş uğurlar tarixi nailiyyətlərdir.
Qazanılan uğurlardan danışarkən Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, ümummilli lider Heydər Əliyevin öz əlləri ilə təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri 2006-cı ildə istifadəyə verilib, bir il sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri Azərbaycanı qaz ixrac edən ölkəyə çevirib. 2012-ci ildən Cənub Qaz Dəhlizinə start verildiyini və hazırda bu layihənin icra edildiyini və bizim təşəbbüsümüzlə həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev bildirdi ki, həm iqtisadi, həm texniki cəhətdən maliyyə tutumlu bu layihəyə qoyulan sərmayə 40 milyard dollara bərabərdir. Dövlət başçısı bizim artıq Avropanın, Avrasiyanın enerji xəritəsini dəyişdirdiyimizi bildirərək qeyd etdi ki, “Cənub Qaz Dəhlizi” layihələrinin üçü bu il istifadəyə veriləcək – “Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP. Demək olar ki, neft-qaz sektorunda Azərbaycan istədiyinə artıq nail olub və bir-iki ildən sonra Cənub Qaz Dəhlizi tam istifadəyə veriləcək. Bununla yanaşı, o, keçən illər ərzində “Azəri-Çıraq-Günəşli” yatağının gələcək işlənilməsi ilə bağlı önəmli addımların atıldığını, yeni kontraktın imzalandığını, kontraktın müddətinin 2050-ci ilə qədər uzadıldığını və öz payımızı artıra bildiyimizi vurğuladı.
Eyni zamanda, Azərbaycanın qonşularla əməkdaşlıq edərək regional infrastrukturu da yaratdığını, xüsusilə, 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının növbəti tarixi nailiyyətimiz olduğunu bildirən dövlət başçısı bununla paralel olaraq, hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması və Azərbaycan ərazisində bütün işlərin tamamlandığını bildirdi: “Beləliklə, açıq dənizlərə çıxışı olmayan ölkə olan Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Bu, real işlərin nəticələridir. Bizim coğrafi yerləşməyimiz bir tərəfdən əlverişlidir, digər tərəfdən əlverişsizdir. Biz Avropa ilə Asiya arasında yerləşirik, ancaq, eyni zamanda, bizim açıq dənizlərə çıxışımız yoxdur. Əgər olsa idi, onda heç neft və qaz kəmərlərini tikməyə ehtiyac qalmazdı. Ona görə, belə qapalı şəraitdə Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilməyimiz tarixi nailiyyətimizdir”.
Azərbaycan Prezidenti bütün bu uğurların ancaq müstəqillik dövründə mümkün olduğunu, müstəqilliyimizin üstünlüklərinin nədən ibarət olmasını diqqətə çatdıraraq dedi: “Bu gün müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük xoşbəxtlikdir. Biz bundan sonra da müstəqillik və qələbələr yolu ilə gedəcəyik”.