Gənclər fonduGündəmManşetSiyasətXəbər xətti

İlham Əliyev ailəsi ilə Fəxri və Şəhidlər Xiyabanlarında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gedib, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Dövlət başçısı mərhum prezidentin məzarı önünə əklil qoyub, onun ruhu qarşısında baş əyib.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər və üzərinə gül dəstələri qoyublar.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzülüb.

Daha sonra İlham Əliyev ailə üzvləri ilə birlikdə xalqımızın müqəddəs and yeri olan Şəhidlər xiyabanını ziyarət edib.

Dövlət başçısı Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Prezident İlham Əliyev və ailə üzvləri paytaxt Bakının mənzərəsini seyr ediblər.