GündəmManşetSiyasətXəbər xətti

Rusiyanın Ermənistana silahlar verməsi həmsədrliyə ziddir – Vüqar Rəhimzadə

Təəssüf ki, bu gün Rusiya işğalçı Ermənistanı müasir silahlarla təchiz etməkdə, təcavüzkara dəstək olmaqda davam edir. Dağlıq Qarabağ münaqişəsinin həllini öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi onun həmsədrlik missiyasına ziddir. Minsk qrupu münaqişənin həllinə vasitəçilik etməli olduğu halda, işğalçıya dəstək nümayiş etdirir, münaqişənin həlli istiqamətində bir iş görmür.

 

Bunu Trend-ə açıqlamasında Mətbuat Şurası İdarə heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

 

O, qeyd edib ki, Rusiyanın Ermənistana bu cür açıq şəkildə dəstəyi ölkələrimiz arasındakı münasibətlərə uyğun deyil: “Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan isə bu günlərdə 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir. Hesab edirəm ki, kredit müddəti simvolik xarakter daşıyır. Bu, açıq-aşkar işğalçı ölkənin silahlandırılması, münaqişənin həllinə ədalətsiz yanaşmadır. Biz 25 ildən artıqdır ki, bu münaqişədən əziyyət çəkirik. Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu regionda təhlükəsizliyin təminatına ciddi əngəldir. Minsk qrupunun bütün həmsədr dövlətləri bu reallığı anlamalı, işğalçıya dəstək yox, münaqişənin həllində əməli fəaliyyətə keçməlidirlər.”

 

“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olmaqla yanaşı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir: “Təhlükəsizlik Şurasının üzvləri nəinki ayrı-ayrı regionlarda, bütün dünyada təhlükəsizliyin təminatına xüsusi həssaslıqla yanaşmalı, ədalət prinsipini qorumalı, müharibəyə yox sülhə çağırış etməlidirlər. Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həllinin mövcudluğunu bəyan edən Rusiya nə üçün bu gün Ermənistana açıq şəkildə dəstək verir, bu ölkəni silahlandırır? Təbii ki, bu cür suallar ölkəmizin ictimaiyyətini ciddi şəkildə narahat edir. Hesab edirəm ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə daha ədalətli və obyektiv yanaşmalı, regionda təhlükəsizliyə xələl gətirə biləcək addımlardan çəkinməlidir.”