ATƏT PA-nın vitse-prezidenti separatçıların ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib:
“Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçisiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində və Fransa Senatında və Milli Assambleyasında görüşlər keçirmişlər.
Onu da qeyd etməliyəm ki, separatçı rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistematik hal alması Azərbaycanın Fransa və ABŞ ilə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil. Belə səfərlərin təşkil olunması Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi və işğalı təbliğ edir.
Hörmətli həmkarlar, düşünürəm ki, hardan olmalarından asılı olmayaraq separatçılar beynəlxalq hüquq və qanunun aliliyinin əsas prinsiplərinə uyğun şəkildə eyni münasibətlə qarşılaşmalıdırlar.
Bu baxımdan ikili standartların hər hansısa bir təzahürü qəbuledilməzdir. Fransa və ABŞ-ın müvafiq səlahiyyətli orqanları separatçı rejimin agentlərinə vizaların verilməsini və ölkələrinə onların səfərlərinin təşkili prosesini dayandırmalıdırlar.
Mən Fransanın və Amerika Birləşmiş Ştatlarının hökumətlərini danışıqlar prosesində və münaqişənin həlli üçün vacib olan ATƏT-in Minsk qrupunun vasitəçisi və həmsədri rolunu nəzərə alaraq lazımi tədbirlər görməyə çağırıram”.