Siyasət

Astan Şahverdiyevi jurnalistlər öldürdü – deputatdan ŞOK AÇIQLAMA

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev deputat həmkarı Astan Şahverdiyevin dünyasını dəyişməsi ilə əlaqədar başsağlığı verib.

A.Abıyev “Ölkə.Az”a açıqlamasında mərhum Astan Şahverdiyevlə tələbə yoldaşı və dost olduğunu bildirib:
“Astan Şahverdiyev ürəyi təmiz və ziyalı adam idi. Onun yas mərasiminə də gedəcəm. Çünki rəhmətlik mənim tələbə yoldaşım və deputat həmkarım olub. Astan Şahverdiyev tələbəlik illərindən ictimai fəaliyyətlə məşğul olurdu, alim idi. Çox təəssüf ki, sağlamlığı yaşamasını imkan vermədi. Allahdan ona rəhmət, ailə üzvlərinə yaxınlarına da səbr diləyirəm”.

Ağacan Abıyev Astan Şahverdiyevin ölümündə jurnalistləri də günahlandırıb:
“Bu boyda kişini jurnalistlər öldürdü. Görəsən, jurnalistlər bunu başa düşürmü? Astan Şahverdiyev sağlam adam idi, jurnalistlər o qədər ondan yazdılar ki, adam Azərbaycandan qaçıb getmək istəyirdi. Rəhmətlik mənimlə söhbətində də deyirdi ki, haqqında yazılan fikirlərdən çox narahatdır. Haqqında yazılanlardan xilas olmaq üçün ölkədən qaçıb getmək istəyirdi. Mənə də deyirdi ki, bu cür hərəkətlərə artıq dözə bilmirəm. Bilirsiniz, səhvsiz insan olmur. Astan Şahverdiyev də bir dəfə nə isə səhv etmişdi və buna görə çıxıb üzr istədi. Astan Şahverdiyev səhv etmişdisə, bu o demək deyil idi ki, onu öldürənə qədər mübarizə aparmaq lazımdır. Əgər jurnalistlər onu hörmət etsəydilər, bəlkə də o bu gün yaşayırdı. Bir söhbəti bir dəfə gündəmə gətirərlər, hər bir adam da ondan dərs çıxarar. Daha bir söhbəti dönə-dönə gündəmə gətirib əldə oyun etmək doğru deyildi. Təsəvvür edin ki, rəhmətliklə bağlı məsələ futbol topu kimi ondan buna, bundan ona ötürülürdü. Rəhmətlik də bunları görəndə çox pis olurdu”.