ATƏT DTİHB-nin seçki hesabatı absurddur – Siyasi ekspert
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı qərəzli hesabatı əlbəttə ki, təəssüf doğurur. Bunu Trend-ə açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib.
Ekspert qeyd edib ki, Avropa ölkələrinin seçkiləri müşahidə edən nümayəndələri səsvermənin şəffaf və beynəlxalq normalara uyğun keçirildiyini dəfələrlə bəyan etdilər:
“Hər bir müşahidəçinin seçkilərin ədalətli keçirilməsi ilə bağlı konkret fikri yerli və xarici KİV-lərdə, sosial şəbəkələrdə yer aldı. Bundan sonra ATƏT PA-nın və DTİHB-nin missiyasının verdiyi bəyanat doğrudan da absurddur. Maraqlı məqam ondan ibarətdir ki, özlərini “demokratik qüvvələr” adlandıran bir sıra radikal qruplar bəyanatlarında açıq qərəz nümayiş etdirirlər. Əvvəlcədən hazırlanmış bir mətn və ssenarinin ortada olmasına şübhə yoxdur. Bu, ikili standartlardan irəli gələn bir siyasətdir. Bu, Azərbaycanın müstəqil daxili və xarici siyasətinə qarşı atılan addımdır. Texniki cəhətdən heç bir irad belə bildirə bilməyən missiya deklorativ və heç bir fakta söykənməyən bəyanatlarla Azərbaycanın siyasi kursuna təsir etmək iqtidarında deyil”.