ManşetSiyasətXəbər xətti

İSİM seçki ilə bağlı hesabatını yayımladı

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Azərbaycan Respublikasında keçirilən növbədənkənar Prezident Seçkilərinin müşahidə edərək hesabatla çıxış etmişdir. İSİM-dən Aktor.Az-a bildiriblər ki, mərkəz ümumilikdə ölkə üzrə 38 seçki məntəqəsində olunub, günün müxtəlif saatlarında müşahidələr aparıblar. Təşkilatı təmsil edən müşahidəçilər MnSK öz işinə başladığı müddətdən səsvermənin nəticələri haqqında protokolun tamamlanmasınadək məntəqədə həyata keçirilən bütün prosesləri müşahidə ediblər. Müşahidəçilər mərkəzin təcrübəli, seçki prosesinin keçirilməsi ilə bağlı təcrübəsi və bilikləri olan, öncəki seçkilərdə müşahidəçi kimi iştirak etmiş əməkdaşlarından təşkil edilib. Onların xüsusi təlimat əsasında apardıqları müşahidələrə dair məlumatlar təşkilatda təhlil edilib. Hesabatın hazırlanması zamanı müşahidəçilərlə olan ünsiyyət və intervyulardan da istifadə olunub. Təşkilatın əməkdaşları ümumilikdə təsadüfi seçmə üsulu ilə 626 seçici ilə təmasda olub, onların da  rəylərini soruşub, sorğu keçiriblər.

 

İSİM-in yekun rəyinə görə, seçkilərin müşahidəsi zamanı seçkilərin obyektivliyinə və dəqiqliyinə xələl gətirə biləcək heç bir ciddi qüsur qeyd alınmayıb. Mərkəz əməkdaşlarının qənaətinə görə, səsvermə prosesini də KİV-lər maneəsiz olaraq izləyiblər. MƏRKƏZ müşahidəçiləri müşahidə prosesi zamanı onlarla təmasda olmaq istəyən media təmsilçilərinə intervyu vermiş, seçkinin keçirilməsi ilə bağlı ictimaiyyəti məlumatlandırıblar. Bu əsasən 20 saylı Nərimanov rayonu ikinci seçki dairəsində və 16 saylı Yasamal ikinci seçki dairəsində olan məntəqələrdə baş verib. Bakı şəhərində daşınan seçki qutusu ilə səsvermə zamanı İSİM müşahidəçilərindən biri  tərəfindən müşahidə edilib, 3 mənzildə olub, prosedura düzgün əməl edildiyinin şahidi olub. Bakı şəhəri üzrə olan seçki məntəqələrində günün ikinci yarısında, regionlarda olan seçki məntəqələri üzrə isə günün birinci yarısında seçki fəallığı müşahidə olunub.

 

İSİM-in təmsilçisi olan 4 müşahidəçi bülletenlərin sayılması prosesini müşahidə edib və bu zaman hər hansısa nöqsana rast gəlinməyib. Bakı şəhəri üzrə müşahidələr zamanı Nərimanov və Yasamal rayonunda olan seçki məntəqələri üzrə müşahidə aparan beynəlxalq müşahidəçilər ilə ünsiyyətdə olunub, seçkilərin yekunu ilə bağlı onların sualları cavablandırılıb.

 

Monitorinq zamanı seçkinin nəticələrinə təsir göstərəcək nöqsanlar qeydə alınmasa da bir sıra çatışmazlıqlar da müşahidə edilmişdir. Media təmsilçilərinin daha çox şəhərin mərkəzi hissələrində olan seçki məntəqələrində aktivlik etmələri, digər məntəqələrdə olan seçki prosesini müşahidə üçün səy göstərməmələri, seçkini müşahidə ilə bağlı düzgün təlimatlandırılmamaları. Seçkilərin işıqlandırılması zamanı seçki məntəqələrinin daxilində icazə verilməyən yerlərdə çəkiliş aparmaq istəmələri. Daşınan seçki qutusu ilə səsvermənin müşahidəsi zamanı Məntəqə seçki komissiyası təmsilçilərinin say azlığı prosedurun ləng getməsinə səbəb olurdu. Məntəqə seçki komissiyası təmsilçilərinin sayını artırmaqla bu problemi aradan qaldırmaq mümkündür. İSİM-dən bildiriblər ki, qeyd olunan nöqsanlar sözügedən seçki məntəqələrində keçirilən seçkilərin nəticələrini şübhə altına almır.