Xalq doğru seçim edərək İlham Əliyevi prezident seçdi – Əli Əhmədov
Ə.Əhmədovun sözlərinə görə, seçicilərin 74 faizindən çoxu seçkilərdə iştirak edib: “Buna görə də Azərbaycan xalqını təbrik edirəm. “Exit-poll”un nəticələrinə görə, Prezident İlham Əliyev 80 faizdən çox səs toplayıb. Azərbaycan xalqı doğru seçim edərək İlham Əliyevi prezident seçdi”.
YAP-ın sədr müavini bildirib ki, Prezident İlham Əliyevin dövründə Azərbaycan güclü inkişaf edib: “İlham Əliyevə səs verməklə Azərbaycan vətəndaşları sabitliyə səs veriblər. Növbəti 7 ildə Azərbaycada yeni inkişafın mərhələsi olacaq. Prezidentin xalqımıza etdiyi xidmətə xalqımız layiqli cavabını verəcək”.
Ə.Əhmədov əlavə edib ki, növbəti 7 ildə Azərbaycan daha sürətlə inkişaf edəcək, Azərbaycanın dünyada enerji təhlükəsizliyindəki rolu artacaq, iqtisadi inkişafı sürətlənəcək: “Azərbaycanın bu günü kimi gələcəyi də İlham Əliyevlə bağlıdır”.
Qeyd edək ki, bu gün Azərbaycanda prezident seçkiləri keçirilib. Prezident seçkilərində 8 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 6 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, bir nəfərin namizədliyi öz təşəbbüsü ilə, bir nəfərin namizədliyi isə təşəbbüs qrupu tərəfindən irəli sürülüb.
Səsvermə günü respublikada 125 seçki dairəsi üzrə 5426 daimi və 215 müvəqqəti seçki məntəqəsi fəaliyyət göstərib. Səsvermə prosesini gün ərzində Mərkəzi Seçki Komissiyasının saytından da izləmək mümkün olub. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.
Seçkiləri 894 beynəlxalq (61 təşkilat, 59 ölkə), 58 175 yerli müşahidəçi izləyib.
Azərbaycanda 5 milyon 314 min 365 nəfər səsvermə hüququ olan şəxs var, onlardan 50.78 faizini qadınlar, 49.22 faizi isə kişilər təşkil edir.
Saat 19:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 74.51 faizi, yəni 3 959 553 seçici səs verib.