Arzu Nağıyev:”Lavrovun açıqlaması siyasi manevrdir “- Müsahibə
Siyasi şərhçi, politoloq Arzu Nağıyev Teleqraf.com saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:
– Arzu müəllim, kimyəvi silahdan istifadə məsələsi son vaxtlar xeyli aktuallaşıb. Böyük Britaniyada Rusiya xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Sergey Skripalın zəhərlənməsindən sonra Suriyada da kimyəvi silahdan istifadə olunub. Kimyəvi silahlardan istifadəyə niyə birdəfəlik son qoymaq mümkün olmur?
– Kimyəvi qırğın silahları ilə bağlı məsələ hər dəfə gündəmə gələndə bunun sonu sanksiyalarla yekunlaşır. Rusiya Suriyada hər nə qədər nüfuz sahibi olmağa çalışsa və eyni zamanda gedən proseslərə təsir gücünü göstərməyə çalışsa da, bu, alınmır. ABŞ və digər Qərb dövlətləri istər Şimali Koreyada, istər İranda, istərsə də Suriya və Rusiyada nüvə məsələlərini ön plana çəkirlər. Rusiyanın guya Sergey Skripala qarşı əməliyyat keçirməsi iddiasından sonra Qərb yenidən bu məsələyə qayıtdı. Onlar bildirdilər ki, kimyəvi silahlar hələ tam məhv olunmayıb. Yəni, bu bir səbəb olmasa da, gələcəkdə hansısa tədbirlərin həyat keçirilməsi üçün vasitədir. Ona görə də hələ bu proseslər çox çəkəcək. Suriya məsələsində Rusiya, Türkiyə və İran müəyyən addımlar atsalar da, orda bəzi dövlətlərin inhasarında olan qüvvələr var. Həmin qüvvələr Bəşər Əsəd rejimindən tam narazıdırlar. Onlar hansısa seçkilərin keçirilməsi, konstitusiyanın yenidən yazılması ilə razılaşmırlar. Ona görə də bu məsələ mütəmadi olaraq gündəmdə olacaq.
– Sizcə kimyəvi silahın tətbiqi Bəşər Əsəd rejiminə bağlı olan qüvvələrə zərbələr endirmək üçün hansısa qüvvələrin təxribatıdır, yoxsa Əsəd ona zərbələr endiriləcəyini göz altına alaraq sülh və bəşəriyyət əleyhinə addımlar atır?
– Bilirsinizmi, bunu demək mümkün deyil. Çünki bu elə məsələdir ki, burda tam şəkildə laborator analizlər aparılmalıdır. Vaxtilə İraqa da bu adla girdilər. Eyni zamanda İraqın tam şəkildə məhv edilməsində də bu amildən istifadə etdilər. Yəni, məlumdur ki, SSRİ dövründən indiyədək həqiqətən də Suriya ərazisində SSRİ-yə məxsus olan o silahlar var idi və bu silahlardan həqiqətən də istifadə edirdilər. Bir neçə dəfə dedilər ki, Suriya tərəfi özü o silahlardan istifadə edib. Düşünürəm ki, buna aydınlıq gətirmək çox çətin məsələdir. Ona görə də məhz araşdırılması mümkün olmayan məsələni ortaya atırlar. Bu baxımdan suala birmənalı cavab vermək mümkün deyil.
– Kimyəvi silahın kim tərəfindən istifadə edildiyi bəlli olmasa da, son nəticədə hədəf Bəşər Əsədə bağlı silahlı qüvvələr olur…
– Təbii ki, bu belədir. Elə təxribatçı qrupların kimyəvi silahdan istifadə etmələri də buna görədir. Bu, Suriyaya raket zərbələrinin endirilməsi üçün səbəb deyil, vasitədir. Kimyəvi silahlar, digər nüvə silahlarının komponentləri Suriyada olduğuna görə bundan istifadə edərək Bəşər Əsəd qüvvələrinə zərbələr endirirlər.
– Rusiya XİN-in rəhbəri Sergey Lavrov 2011-ci il tarixli Kazan sammitində yer almış müddəaların əksəriyyətinin bu gün də aktual olduğunu bildirib. Bu fikrə münasibətiniz necədir?
– Düşünürəm ki, Sergey Lavrovun verdiyi bu açıqlama istər “Kazan sənədi”ndən, istərsə də Sankt-Peterburq və “Madrid prinsipləri”ndən kənara çıxmır. Bu məsələ mütəmadi gündəmə gəlir. Bilirsiz ki, bu günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verib. Aprelin 11-də isə Azərbaycanda prezident seçkisidir. Onlar bununla demək istəyirlər ki, Rusiya nüfuzunu bərqərar etmək üçün daim bu məsələnin həlli üçün çalışır. Guya ki, ATƏT-in Minsk Qrupunda təmsil olunan dövlətlər arasında əsas söz sahibi məhz Rusiyadır. Lavrovun Azərbaycan və Ermənistanı bir-birini başa düşməyə çağırması, müəyyən kompromislərə getməli olduğunu deməsi Azərbaycan üçün müsbət heç nə demir. Çünki danışıqlar prosesi uzandıqca status-kvo davam edir. Bu mənada Sergey Lavrovun açıqlamasını siyasi manevr kimi qəbul etmək lazımdır.
– Lavrov onu da bildirib ki, Afrindəki vəziyyəti normallaşdırmaq üçün ən sadə üsul onu Suriya hökumətinin nəzarətinə qaytarmaqdır…
– Düşünürəm ki, Afrin heç zaman Suriyanın nəzarətinə qayıtmayacaq. Çünki Türkiyənin Afrində apardığı mübarizə heç də Suriya dövləti ilə deyildi. Burda əsas məsələ terrorçularla mübarizə idi. Rusiyanın və digər dövlətlərin, hətta ABŞ-ın da bu məsələdə susması başadüşüləndir. Çünki Türkiyə öz sərhədlərində bufer zona yaradır və antiterror əməliyyatı keçirməkdə əsas məqsəd öz vətəndaşlarını və sərhədlərini qorumaqdır. Bu baxımdan Afrin heç bir vaxt Suriyanın nəzarətinə verilməyəcək.