Trend İnformasiya Agentliyində seçkiləri işıqlandıracaq xarici jurnalistlərlə görüş keçirilib – FOTO
Trend İnformasiya Agentliyində 11 aprel prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gələn xarici jurnalistlərlə görüş keçirilib.
Agentliyin qonaqları amerikalı politoloq Raul Louri Kontreras, ABŞ-da yaşayan müstəqil jurnalist Nurit Qrinqer, İtaliyadan olan jurnalistlər Lello Stelletti və Domeniko Letisiya, eləcə də ООО Tool Shed Group (ABŞ) strateji kommunikasiya şirkətinin təsisçisi Ceyson Erik Kats olublar.
İngilisdilli jurnalistlərlə görüşdə qonaqlara ölkədə stabil qiymətləndirilən seçkiqabağlı vəziyyət, şəffaf və demokratik prezident seçkilərinin keçirilməsi üçün yaradılan şərait barədə məlumat verilib, bildirilib ki, dünyanın aparıcı KİV-lərinin nümayəndələri də daxil olmaqla 150 jurnalist, 870 beynəlxalq müşahidəçi, 59 ölkədən, o cümlədən 58 beynəlxalq təşkilatdan olan beynəlxalq müşahidəçilərin iştirakı da bunu təsdiqləyir.
Trend-in jurnalistləri həmçinin Azərbaycanın əsas problemi – Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalı nəticəsində evsiz qalmış qaçqın və məcburi köçkünlər barədə danışıblar.
Daha sonra qonaqları maraqlandıran suallar ətrafında diskussiya aparılıb.