Müşfiq Ələsgərli bəzi məmurlara səsləndi: “Bəlkə səhvlərinizi anlayasız”
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli son zamanlar bəzi məmurlar tərəfindən jurnalistlərə qarşı təzyiqlərdən narahat olduğunu bildirib. Aktor.Az xəbər verir ki, o, feysbuk hesabında həmin məmurları media nümayəndələrinə qarşı nəzakətli olmağa dəvət edib.
Müşfiq Ələsgərlinin çağırışını olduğu kimi diqqətə çatdırırıq:
“Jurnalist Famil Fərhadoğlu peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb: təhqir olunub, əmək alətləri sındırılıb. Jurnalist insidenti törədənlərin Səhiyyə Nazirliyinin əməkdaşları olduqlarını bildirir. Bir müddət öncə isə, Modern.az saytının əməkdaşı AMEA-nın Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov tərəfindən təhqir edilmişdi. “Akademik” təkcə Modern.az-ın əməkdaşını təhqir etməmişdi, həm də bütövlükdə Azərbaycan jurnalistlərinin ünvanına layiqsiz ifadələr işlətmişdi.
Başqa bir məsələ də var. Bir jurnalist həmkarımızın işi məhkəmədədir. O, müdafiəsinə yardım göstərmək üçün bizə-Jurnalistlərin Həmkarlar İttifaqına (JuHİ) müraciət edib. Araşdırdıq, yardım etməyə çalışdıq.Proses yekunlaşmaq üzrədir, iddiaçı öz ərizəsini geri götürüb, barışıq da olub, amma “bəzi kənar məmurlar” əl çəkmirlər, jurnalistlə aralarında olan köhnə “hesabı çürütmək” üçün məhkəmə prosesinin yenidən aktivləşdirilməsində təkid edirlər.
Jurnalistin adını ona görə çəkmirəm ki, həmkarımız məsələnin ictimailəşdirilməsini istəmir. Deyir ki, “ölkədə prezident seçkisi keçirilir, insanlar dövlətimizin sabitliyi, inkişafı naminə layiqli namizədin seçilməsi üzərində fokuslanıb. İstəmirəm kimlərsə mənim problemimdən istifadə edib, ölkədə azad sözə basqı olduğunu iddia etsin, aranı qarışdırsın”.
Məsələnin kökü də budur, “əziz məmurlar”! Azərbaycan jurnalistləri Dövlətimiz, Millətimiz, Gələcəyimiz adına çalışrılar; Prezident İlham Əliyevin bu yöndə fəaliyyətinə dəstək olmaq istəyirlər; bütün bunları göz önünə alıb bəzən sizlərin anlamazlığınızı gözardı edirlər. Sakit davranırlar ki, bəlkə səhvlərinizi anlayasız, bir gün peşman olasız. Amma görünən budur ki, sakit davranmağımız sizlərdə fərqli assosiasiya yaradır. Belə davam edərsə, cavab tədbirlərimiz çox sərt olacaq! Adına görəv daşıdığınız DÖVLƏTİ bir azca da siz düşünün! Jurnalist həmkarlarımıza bildirirəm ki, Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) media ilə bağlı insidentlərin monitorinqini aparır. Hadisələr barədə təfsilatlı bilgilərimizin olması üçün, rastlaşdığınız məsələlərlə bağlı faktları təsnifatlaşdırıb, bizə göndərin”.