Bu dəfə də İlham Əliyev deyirəm!
Seçki prosesi artıq sona çatmaqdadır. Səsverməyə 5 gün qalıb. Namizədlər bu son təşviqat günlərindən də maksimum istifadə edib özlərinə tərəfdar toplamalı, mümkün qədər qələbəyə yaxın olmalıdırlar.
Müşahidələrimiz göstərir ki, bu seçki olduqca sakit, dostyana bir ovqatda keçir. Heç kim heç kimin xətrinə dəymir, namizədlər arasında demək olar ki, etik çərçivəni aşan mübahisə və müzakirələr getmir. Onlar yalnız hədəf olaraq seçiciləri götürüblər və mümkün qədər tərəfdar toplamağa çalışırlar.
Beynəlxalq və yerli müşahidəçilər də durumdan olduqca məmnun görünür. Hər zaman Azərbaycandakı seçkilərə özünün aqressiv münasibətilə seçilən ATƏT DTİHB müşahidə missiyası belə martın 29-da açıqladığı aralıq hesabatında durumu xırda istisnalar və ya kimliyi açıqlanmayan şəxslərin fikirlərini nəzərə almasaq, büsbütün pozitiv dəyərləndirib. Hesabatda digər məqamlarla bərabər diqqətimizi çəkən odur ki, “hələlik heç bir şikayət yoxdur və sonrakı mərhələdə də şikayətlərin olacağı az ehtimal edilir”.
Belə bir şəraitdə dağıdıcı qüvvələr də boş durmur. Qaşınmayan yerdən qan çıxarıb ortalığı qarışdırmaq üçün onlar illər öncə baş vermiş hansısa naxoş hadisələri əks etdirən görüntüləri yeni imiş kimi paylaşıb insanları qızışdırmağa çalışır. İddia edirlər ki, guya hakimiyyət – polis vətəndaşlara zorakılıq tətbiq edir. Yaxud da heç Azərbaycana dəxli olmayan paylaşımlarla ictimai rəyi çaşdırmaq istəyirlər. Amma bütün bu səylər puça çıxır. Çünki Azərbaycan seçicisi ərəb ölkələrindəki küyə gedən insanlardan öz savadlılığı, dünyagörüşüylə ciddi şəkildə fərqlənir və kimin kim, nəyin nə olmasını yaxşı ayırd edə bilir.
Media sahəsində də hər hansı problem müşahidə edilmir. Bütün TV kanalları istisnasız olaraq namizədlərin seçicilərlə görüşlərini bərabər şəkildə işıqlandırır. Açığı, bundan yaxşı təbliğat olmazdı. Nəzərə alaq ki, bu xidmət pulsuz təklif edilir və heç bir namizədə fərq qoyulmur.
TV kanallarında izlədiyimiz görüntülərsə birmənalı şəkildə tək bir namizədin daha öndə olması, seçkini böyük üstünlüklə qazanacağı haqqında əminlik yaradır.
Müşahidələrimiz göstərir ki, o bir namizəd istisna olmaqla yerdə qalan namizədlərin seçicilərlə görüşlərinə bir salona sığacaq qədər seçici gəlir, bəzən də salonlar yarımçıq olur. O namizəd üçün toplaşanlar isə salonlara sığmır, MSK-nın elan etdiyi yerlərdə açıq havada öz dəstəklərini ifadə edirlər.
Bu namizəd tam təbii olaraq İlham Əliyevdir. Onu dəstəkləmək üçün ən ucqar bir rayonda toplanan seçicilərin sayı bir qayda olaraq seçkini guya boykot edən Əli Kərimli və Milli Şurasının həftələrlə əlləşib “ümumrespublika səviyyəli” dediyi mitinqə topladığı adamların sayından bir neçə dəfə artıq olur. Bu isə həm də onu təsdiq edir ki, ana müxalifət adına iddia edənlərin bütün ölkə üzrə dəstəyi hazırkı Prezident və prezidentliyə namizəd İlham Əliyevin ən ucqar bir rayondakı dəstəyindən də azdır. Bu təqdirdə İlham Əliyevin bu seçkini qalib başa vurması tam təbii olacaq. Özü də çox böyük hesabla – aşağı-yuxarı 90% səslə.
Və bizim mövqeyimiz: təbii ki, şəxsən mənim namizədim İlham Əliyevdir. İzahsız da keçinmək olardı, amma bəzən bəzi adamlarda sual yaranacağını (əslində, yaranmır, sadəcə nəsə demək istəyirlər) nəzərə alaraq niyə onu dəstəklədiyimə aydınlıq gətirməyi zəruri sayıram.
İlham Əliyev 2003-cü ildə Azərbaycanın lideri kimi fəaliyyətə başladısa, bu gün dünya liderləri arasında özünün sözü, çəkisi, xarizması olan sayılıb-seçilən liderlərdən biridir.
Şəxsi keyfiyyətləri çox yüksəkdir. Yeni dövrə uyğun, bir qədər də futuristik liderdir. İdmana, mədəniyyətə şəxsən bağlılığı onun əlavə üstünlükləridir.
Təcrübəlidir. Dünya tribunalarında dünyanın anlayacağı dildə rahat danışa, danışıqlar apara, münasibət qura bilir.
Güclü məntiqə sahib siyasət adamı, diplomatdır.
Ali Baş Komandan kimi də seçilən bir liderdir. Bu gün Azərbaycan ordusu dünyada adla deyilən, barmaqla göstərilən mükəmməl ordulardan biridir. Hərbi güc, mənəvi qüdrət bu ordunu xalqın, özəlliklə də gənclərin sevimlisinə çevirib. Təkcə bir faktı deyək: bir neçə ay öncə işğalçı Ermənistan 12 min civarında gəncin ordudan yayındığına görə məsuliyyətə cəlb edilməsi barədə xəbər yaydı. Bunun qarşılığında Azərbaycanda bir nəfərin belı ordudan yayındığı yoxdur. Azərbaycan gəncləri sevə-sevə orduya gedir. Təbii ki, Ali Baş Komandan İlham Əliyevə inandıqlarına, güvəndiklərinə görə.
İlham Əliyevin hakimiyyəti dönəmində Azərbaycan əvvəlcə söz sahibi olan regional mərkəzə, ardından da qlobal mərkəzə çevrilib. Bu gün Bakı dünyanın ən önəmli məsələlərinin müzakirə edildiyi, hətta Rusiya və ABŞ kimi qlobal güclərin ali hərbi təmsilçilərinin görüş üçün seçdiyi bir şəhərdir. Ölkədə ildə bir neçə dəfə böyük həcmli qlobal tədbirlər keçirilir, Bakının adı dünya mediasında hallanır. Heç uzağa getməyək, elə bugünlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlərinin aralıq görüşünü qeyd edək. BMT-dən sonra ikinci ən böyük qlobal qurum olaraq bu Hərəkatda 120 dövlət birləşir və onlar Bakıda təmsil olunurlar.
İlham Əliyev Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv etməyi bacarmış bir liderdir həm də.
O, Azərbaycanı Avropa Birliyinin enerji təchizatı və təhlükəsizliyində üstün mövqeyə yüksəltməyi bacarmaqla da ölkəmizə əlavə təminatlar əldə etmişdir.
Onun bu gün həyata keçirdiyi siyasət sadəcə ölkənin cari həyatını deyil, sabahını da təminat altına almağa hesablanıb.
Bu və buna bənzər minlərlə arqumenti əsas tutaraq şəxsən Prezident İlham Əliyevi bu seçkidə də dəstəkləmək fikrindəyəm.
Azərbaycanın sabit və dayanıqlı sabahını istəyiriksə, seçimimiz mütləq İlham Əliyevdir.
Xaos, anarxiya, ələbaxımlıq istəmiriksə, yenə də namizədimiz İlham Əliyevdir.
Azər Həsrət, əməkdar jurnalist