Finlandiyada yaşayan azərbaycanlılar da seçkilərdə fəal iştirak edəcək
Finlandiyada yaşayan azərbaycanlılar da aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində fəal iştirak edəcək.Bunu Trend-ə Azərbaycan-Finlandiya “Dostluq” cəmiyyətinin sədri Təranə Nəzərova deyib.
T.Nəzərova qeyd edib ki, Azərbaycanda demokratik ənənələrin əsası 100 il bundan əvvəl qoyulub: “Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bu demokratik ənənələrə sadiqlik nümayiş etdirir. 1993-cü ildən bu günə qədər ölkədə keçirilən bütün seçkilər demokratik prinsiplərə uyğun təşkil olunub. Əminəm ki, aprelin 11-də keçiriləcək prezident seçkiləri də Azərbaycanda 100 il bundan əvvəl əsası qoyulan demokratik ənənələrə uyğun olacaq”.
T.Nəzərova bildirib ki, Finlandiyada yaşayan Azərbaycan vətəndaşlarının prezident seçkilərində fəal iştirak etməsi məqsədilə Finlandiyanın böyük şəhərlərində yaşayan, çalışan, təhsil alan Azərbaycan vətəndaşları arasında təbliğata başlayıblar.
O vurğulayıb ki, Azərbaycanda seçkilər, eyni zamanda, güclü vətəndaş cəmiyyətinin formalaşması üçün əsas amildir: “Azərbaycandakı bütün seçkilər hər zaman çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin, yerli və xarici kütləvi informasiya vasitələrinin yaxından iştirakı ilə keçirilib və əksər müşahidəçilər tərəfindən yüksək dəyərləndirilib”.
T.Nəzərova qeyd edib ki, ölkədən kənarda yaşayan hər bir soydaşımız Azərbaycanda və respublikamızın hüdudlarından kənarda ölkəmizlə bağlı baş verən ictimai-siyasi prosesləri diqqətlə izləyir:
“Doğma vətənimə səfərlərimdə insanlarla ünsiyyətdən hiss olunur ki, ölkədə sabitlik və sakitlik hökm sürür. Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malik ölkədir. Azərbaycanın təşəbbüsü ilə qlobal əhəmiyyətli layihələr icra edilir. Biz ölkəmizin qazandığı bu uğurlara sevinirik. Azərbaycan özünəməxsus multikultiral ənənələrə sahib olan dünyəvi ölkədir. İnanıram ki, seçkilərdən sonra Azərbaycan öz ərazi bütövlüyünü də bərpa edəcək”.
Müstəqillik illərində Azərbaycanın böyük uğurlara imza atdığını vurğulayan T.Nəzərov diqqətə çatdırıb ki, ölkəmiz gələcəyə doğru inamla irəliləyir, Bakıda dəfələrlə müxtəlif beynəlxalq tədbirlər, forumlar keçirilib.