Azərbaycan Qoşulmama Hərəkatının işində aktiv iştirak edir – Politoloq
“Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda konfransının Bakıda keçirilməsi mühüm əhəmiyyət kəsb edir”. Bunu SİA-ya açıqlamasında politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, bu konfransın işində 800-dən artıq rəsmi nümayəndə iştirak edib, qurumun üzvü 120 dövlətdir: “Azərbaycan da 2011-ci ildə bu hərəkata qoşulub.Yəni bu dövlətlər heç bir hərbi blokda təmsil olunmurlar və bununla belə qarşılıqlı əlaqələri mövcuddur. Azərbaycan da son vaxtlar bu qurumun işində aktiv üzv kimi iştirak edir. 2019-cu ildə 18-ci Zirvə toplantısına ev sahibliyi və 2019-2022-ci illər ərzində isə Hərəkata sədrlik edəcəkdir.
Əsas və mühüm məqam ondan ibarətdir ki, bütün üzvlər ərazi bütövlüyümüzü və suverenliyimizi dəstəkləyirlər, Ermənistanın torpaqlarımızı işğal etdiyini daima vurğulayırlar. Yəni, belə bir format artıq regional format deyil, dünya dövlətlərinin birləşdiyi qlobal miqyaslı bir formatdır və Azərbaycan həqiqətlərini öz gözləri ilə görmək, iqtisadi, siyasi və mədəni inkişafımızı bir iştirakçı kimi yerində hiss etmək mühüm amildir. Yəni bu dövlətlərin hər biri ən azından nazir səviyyəsində təmsil edilirlər və Azərbaycanla bağlı qəbul ediləcək mühüm qərarlarda dəstək olmaq imkanları genişdir”.