Sosial evlərin satışı başlayır və 1 otaqlılar 29,9 min olacaq – EKSPERT
İqtisadçı ekspert Vüqar Bayramov sosial evlərin satışa başlamasına münasibət bildirib.Aktor.Az onun fikirlərini olduğu kimi təqdim edir:
“Sosial evlərin satışı başlayır. Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışını elan edib. Belə ki, Yasamal Yaşayış Kompleksinin 1, 2, 3 və 4 saylı binalarında mənzillərin satışı bu il mayın 7-də saat 10.00-da başlayacaq və prosess avqustun 7-dək davam edəcək. Bu isə o deməkdir ki, təxminən 1 ay sonra sosial mənzili almaq mümkün olacaq.
Mənzillərin satışı “Elektron hökumət” portalında (www.e-gov.az) yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Qeyd edək ki, yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. MİDA-nın məlumatına əsasən, elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir. Həmin şəxslər elektron kabinetlərində “Satış/Mənzillər” bölməsinə daxil olaraq “erkən gələnə erkən xidmət” prinsipi (satış başladığı anda sistemə daxil olaraq mənzili ilk seçən şəxslər onu almaq imkanı əldə edir) əsasında mənzilləri seçə biləcəklər. Bu isə o deməkdir ki, elektron kabinetə sahib olmayan amma mənzil almaq istəyən vətəndaşlarımız mayın 7-dək qeydiyyatdan keçməlidirlər.
Bu layihə çərçivəsində satışa 260 mənzil çıxarılır. MİDA bildirib ki, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur. Mənzillərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən mülkiyyət hüquqlarının qabaqcadan qeydiyyatı barədə arayışlar verilib. Bu isə o deməkdir ki, mənzil “kupçalı” olacaqlar.
Qiymətlərə gəldikdə isə, ƏDV daxil olmaqla 1 otaqlı mənzillərin qiyməti – 29 925 manatdan, 2 otaqlı mənzillərin qiyməti – 47 282 manatdan, 3 otaqlı mənzillərin qiyməti – 65 626 manatdan başlayacaq.
Sosial ipoteka krediti hesabına mənzilləri alan zaman aylıq ödənişlər 1 otaqlı mənzil üçün 129-136 manat, 2 otaqlı mənzil üçün 203-236 manat, 3 otaqlı mənzillər üçün isə 282-288 manat olacaq. Bu qiymətlər mənzil 10% ilkin ödəniş edilərək, 4% dərəcəsi ilə 30 il müddətinə güzəştli ipoteka krediti ilə alındıqda realdır.
Kredit götürmədən mənzili öz pulları ilə birdəfəlik ödəniş alan vətəndaşlara mənzilə daha ucuz qiymətlə sahib ola biləcəklər. Bu zaman 1 otaqlı mənzil 26932 manata, 2 otaqlı mənziı 42554 manata, 3 otaqlı mənzil isə 59063 manata təklif ediləcək.
Mənzillərin sahələrinə gəldikdə isə xarici perimetr üzrə mənzillərin ölçüləri də bəllidir. Belə ki, 1 otaqlı mənzillər təxminən 40 kv. metr, 2 otaqlı mənzillər 70 kv metrədək, 3 otaqlı mənzillər isə 84 kv metrədək olacaq.