Bakıda bu ərazilərdə torpağın bir sotu 2 milyondur – Ekspert
Bakının elə əraziləri var ki, orada torpaq sahələri sotla deyil, hətta kvadratla satılır. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib.
R.Osmanlının sözlərinə görə, bu cür torpaqlar əsasən şəhərin mərkəzi hissələrində, yolkənarı ərazilərdədir: “Bu cür ərazilərdə torpaq sahəsi azdır. Bir kvadratının dəyəri 10-15 min manat və hətta daha böyük ola bilər. Bunu sotla hesabladıqda, sotu 1.5-2 milyon manat dəyər ifadə edir. Ancaq bu cür torpaq sahələri çox azdır. Bu gün Neftçilər prospekti ətrafında torpaq sahəsi tapmaq mümkün deyil, Yusif Səfərov küçəsində yolkənarı ərazidə torpağın 1 kvadratının dəyəri bazara təqribən 15 min manata təklif olunur, Ağa Neymətulla küçəsində belə torpaq sahəsi tapmaq mümkün deyil və əgər ortaya çıxarsa onun da qiyməti də elə yüksək olacaq”.
Ekspert əlavə edib ki, Bakı şəhərində bir sotunun dəyəri 260 min manata təklif olunan torpaq sahəsi də var: “Həmin torpaq sahəsi Avropa otelinə yaxın ərazidə, təqribən 35 sotluq bir sahə idi”.
R.Osmanlının sözlərinə görə, ümumiyyətlə torpaq sahələrinin likvidliyi son illərdə xeyli dərəcədə aşağı düşüb: “Baxmayaraq ki, torpaq realizə olunan əmlak kateqoriyasına aiddir, amma müşahidələr göstərir ki, onun alıcılarının sayı xeyli dərəcədə azalıb.