Ağcabədidə su təmizləyici qurğunun açılışı olub – FOTO
Azərbaycan Milli QHT Forumu (MQF) və “JTI Caucasus” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin maliyyə dəstəyi ilə 5 aprel 2018-ci il tarixində Ağcabədi rayonunun Pərioğulları kəndinin sakinlərini içməli su ilə təmin etmək məqsədilə quraşdırılmış su təmizləyici qurğunun açılış mərasimi keçirildi.Bu barədə Forumdan Aktor.Az-a daxil olan məlumatda deyilir.
Sonra Ağcabədi rayonunun baş memarı cənab Səfər Səfərov Pərioğulları kəndində su layihəsinin açılış mərasimində çıxış edərək MQF-ə və “JTI Caucasus” şirkətinə bu layihəni gerçəkləşdirdiklərinə görə öz dərin minnətdarlığını bildirdi.
Daha sonra Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin Regionların Sosial-İqtisadi İnkişafı çərçivəsində regionların sürətli inkişafını qeyd etdi və Ağcabədi rayonunun da bu mənada xeyli inkişaf etdiyini vurğuladı. Su layihəsinə dəstək verdiyinə görə Ağcabədi Rayon İcra Hakimiyyətinə və “JTI Caucasus” şirkətinə öz minnətdarlığını bildirdi.
“JTI Caucasus” şirkətinin meneceri cənab Əli Verdiyev MQF ilə birlikdə 7-ci layihənin icra olunduğunu qeyd edərək MQF-ə və Ağcabədi Rayon icra başçısına öz dərin təşəkkürünü bildirdi. O həmçinin JTI şirkətinin MQF ilə birlikdə həyata keçirdiyi 7 layihəni, ümumilikdə isə Azərbaycanda 9 belə layihə həyata keçirdiklərini vurğuladı.
Həmçinin rayonun kənd ağsaqqalı Hacı Cəmil su layihəsinin açılışı üçün xeyir-duasını verib, öz minnətdarlığını bildirdi.
Sonda Rauf Zeyni çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olunduqdan sonra Ağdamda, Şuşada, Xankəndində və bütövlükdə Qarabağda belə sosial layihələr həyata keçiriləcək.
Bununla da, layihənin açılış mərasimi uğurla başa çatdı və tədbirdə iştirak edənlər yeni çəkilmiş bulağın suyundan daddılar.