Bakıda Qoşulmama Hərəkatının nazirlər konfransı keçirilir
Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı keçirilir.
Aprelin 6-dək davam edəcək konfransda Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin Hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri və xüsusi qonaq qismində dəvət olunan ölkə və təşkilatların təmsilçiləri, ümumilikdə 800-dən artıq şəxs iştirak edirlər.
Beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.
Xatırladaq ki, aprelin 3-4-də Bakıda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransına hazırlıq məqsədilə yüksək vəzifəli məmurlar səviyyəsində iclas keçirilib.
Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını alıb.
2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək, 2019-2022-ci illər ərzində Hərəkata sədrlik edəcək.
Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.