“Borçalılar Azərbaycanda onu prezident görürlər” – Gürcüstanlı deputat
11 aprel 2018-ci ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə artıq bir neçə gün qalır. Prezident seçkilərinə hazırlıq işləri təqvim planına uyğun aparılır və prosesin səffaf və demokratik keçməsi, eləcə də seçicilərin seçki məntəqələrinə gələrək sərbəst şəkildə istədikləri namizədə səs vermələri üçün son hazırlıq işləri görülür. Azərbaycanın birinci şəxsinin seçilməsi xaricdə yaşayan soydaşlarımız tərəfindən də diqqətlə izlənilir və onlarda ölkəmizi qarşıdakı illərdə hansı yeniliklər gözləyəcyi böyük aktuallıq kəsb edir. Məsələ ilə bağlı Aktor.Az-ın suallarını cavablandıran Gürcüstan parlamentinin azərbaycanlı üzvü Azər Süleymanov proseslə bağlı nikbin fikirlər səsləndirib.
Deputat cavabında ilk öncə tarixi aspektlərə nəzər yetirməyin vacibliyini önə çəkib və iki qonşu ölkənin müstəqillik əldə etdikdən sonra üzləşdikləri problemlərin aradan qaldırlmasını xatırladıb:
“Doğma Azərbaycanımız növbəti tarixi hadisənin astanasındadır, bir neçə gündən sonra prezident seçkiləridir.Bununla bağlı fikrimi bildirməmişdən öncə ötən əsrin 90-cı illərində Azərbaycan və Gürcüstana yaradılan maneələrdən danışmaq istərdim. Biz qonşu xalqlarıq və ortaq adət-ənənələrimiz var. Bütün bunlar ölkələrimiz arasındakı əlaqələri daha da möhkəmləndirir. Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Gürcüstan-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoydu.İki ölkə arasındakı münasibətləri səciyyəvi edən əsas məsələrdən bir də azərbaycanlıların Gürcüstanda rahat yaşamasıdır. Ölkələrimiz arasında əlaqələrə diqqət yetirsək, görəcəyik ki, bu əlaqələr məhz 1994-cü il Heydər Əliyevin Gürcüstana səfəri ilə bağlıdır. Bu səfər böyük tarixi əhəmiyyətə malikdir və bununla Gürcüstan-Azərbaycan dostluğu daha da möhkəmləndi.Xatırladım ki, hələ Sovetlər Birliyi dövründən Heydər Əliyev Gürcüstanla münasibətlərə çox önəm verib. Hesab edirəm ki, Heydər Əliyev həm də Gürcüstan azərbaycanlılarının da Ümummilli Lideridir.Əvvəllər Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti yaxşı deyildi. Ancaq dahi siyasətçi hakimiyyətə gəldikdən sonra borçalıların problemləri həllini tapdı. Təsadüfi deyil ki, birbaşa Heydər Əliyevin tapşırığı ilə sosial, iqtisadi problemlər aradan qaldırıldı. Xüsusilə, təhsil sahəsində mühüm addımlar atıldı. Azərbaycanlılar yaşayan ərazilərdəki məktəblər təmir olundu.Mən həmin vaxt gənc deputat idim və iki ölkənin gələcəyində böyük əhəmiyyətə malik transmilli layihələrin təmələnin hansı çətinliklər hesabına qoyulmasının şahidi olmuşam.Müdrik siyasətçi dəfələrlə bizimlə görüşlər keçirib, məsləhətlərini verib və həmişə dəstək olub”.
Deputat bidirib ki, bu xətt Ulu Öndərin siyasi varisi prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilib:
“Əminliklə deyə bilərəm ki, həm də prezident İlham Əliyevin sayəsində Gürcüstan-Azərbaycan əlaqələri regional çərçivədən çıxıbdır və bu gün ölkələrimizin birgə təşəbbüsləri artıq beynəlxalq əhəmiyyətə malikdir. Azərbaycan şirkətləri Gürcüstana iqtisadi sahədə böyük həcmdə investisiyalar qoymağa başlamışlar, mal dövriyyəsi sürətlə artır.İlham Əliyevin enerji məsələlərindəki təşəbbüslərini xatırlatmaq istərdim-bu məsələlər artıq yoluna qoyulubdur. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Bakı-Supsa neft-qaz kəmərləri, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xətti bölgənin geosiyasi vəziyyətini köklü şəkildə dəyişmişdir.
Bu gün bu layihələr həm ölkələrimizin inkişafına xidmət göstərir, eyni zamanda, enerji təhlükəsizliyi məsələlərinə də öz töhfəsini verir.Müzakirələrdə nəqliyyat məsələləri də böyük yer tutur,tranzit məsələləri müzakirə edilir. Bu cür layihələrin ərsəyə gəlməsindən Gürcüstanda yaşayan azərbaycanlılar da yararlanırlar, onların işlə təmin olunmasında mühüm addımlar atılır.Humanitar sahədə əməkdaşlıq çox yaxşı səviyyədədir. Bu gün Gürcüstanda yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər humanitar sahədə və bütövlükdə bütün başqa sahələrdə gedən proseslərə müsbət təsir göstərirlər. Bu sahələr də İlham Əliyevin prezidentliyi dönəmdə sürətlə inkişaf etmişdir”.
A.Süleymanovun sözlərinə görə, prezident İlham Əliyevin hakimiyyətdə olduğu müddətdə yürütdüyü siyasət Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini artırmışdır. Onun rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurları xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən daha aydın görünür və bununla fəxr edirlər. Gürcüstnada yaşayan azərbaycanlılar prezident İlham Əliyevin yürütdüyü müdrik siyasətin necə bəhrə verdiyini çox yaxşı bilirlər.
Parlament üzvü bildirib ki,Azərbaycanın uğurları dostlarını sevindirdiyi kimi, düşmənlərini də qəzəbləndirir:
“Azərbaycanın bu inkişafının qarşısını almaq üçün müxtəlif planlar çızırlar. Azərbaycanın düşmənlərinin bədnam planlarını puça çıxaracaq lider İlham Əliyevdir. Azərbaycan üçün mühüm olan bu zamanda İlham Əliyevin siyasətinin davam etməsi üçün hər bir Azərbaycan vətəndaşı doğru seçim etməlidir.Uzun illərdi siyasətdə olan bir şəxs kimi, Azərbaycanda yaşayan Gürcüstan əsilli soydaşlarımızı 11 aprel 2018-ci il növbədənkənar prezident seçkilərində İlham Əliyevə səs verməyə çağırıram.Həm də ona görə ki, borçalıların seçimi məhz İlham Əliyevdir! İnanıram ki, borçalılar Azərbaycanda onu prezident görürlər.Buna olduqca əminəm!”