Dövlət Miqrasiya Xidmətində soyqırımı qurbanları anılıb – FOTO
Dövlət Miqrasiya Xidmətində (DMX) 1918-ci il azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunan tədbir keçirilib.Bu barədə Xidmətdən Aktor.Az-a verilən məlumatda deyilir.
Əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə DMX rəisinin birinci müvaini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev XX əsrin əvvəllərində erməni millətçiləri və terrorçu-quldur dəstələri, o cümlədən Daşnaksütyun partiyası tərəfindən bölgədə törədilmiş soyqırımı cinayətləri barədə məlumat verib. 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 yanvar tarixli Sərəncamının əhəmiyyətindən danışıb. Bildirib ki, adıçəkilən sərəncamda qeyd edildiyi kimi ötən 20 il ərzində aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkar olunub. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi-alim Firdovsiyyə Əhmədova mərasimdə məruzə ilə çıxış edib. O, diqqətə çatdırıb ki, zaman-zaman “böyük Ermənistan” yaratmaq xülyasında olan erməni daşnakları və terrorçu təşkilatları bu məqsədlərini reallaşdırmaq üçün müsəlman-türk əhalisinə qarşı qanlı qırğınlar, qətliamlar törədiblər. Bu qırğınların ən dəhşətlisi 1918-ci ilin mart soyqırımıdır. Həmin vaxt erməni daşnakları və silahlı quldur dəstələri tərəfindən Bakıda, digər şəhər və qəzalarda on minlərlə dinc sakin sırf etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
Məruzəçi ermənilərin həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində dinc azərbaycanlıların qətlə yetirilməsi ilə yanaşı, xalqımıza aid qədim tarixi-mədəni abidələrin də məhv edildiyini konkret faktlarla diqqətə çatdırıb. Bildirib ki, 1918-ci ildə azərbaycanlılara qarşı törədilən cinayət hədsiz dərəcədə qəddarlıqla həyata keçirilib. Qeyd edib ki, ermənilərin Bakıda cəmləşdirilməsinə və onların cəbhədən qayıdan ordunun silah-sursatı ilə silahlandırılmasına bolşeviklər fəal dəstək veriblər. Bu da daşnakların Bakıda kifayət qədər güclü hərbi potensiala malik olması ilə nəticələnib.
Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.
Tarixi faktlara istinad edən alim bildirib ki, faciədən iki ay sonra qurulan Azərbaycan Xalq Cümhuriyyətinin bu soyqırımının dəhşətlərini araşdırmaq üçün yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyəti respublikanın süqutundan sonra dayandırılıb və bu soyqırımına lazımi siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınıb. Yalnız 1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Sonda tədbir iştirakçıları Azərbaycan Televiziyasının istehsalı olan “Həqiqət və riyakarlıq” sənədli filminə baxıblar.
DMX-yə müraciət edənlərin, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xalqımızın başına gətirilən müsibətlər haqqında daha ətraflı məlumat almaları üçün Xidmətin “Gözləmə zalı”ında azərbaycanlıların soyqırımının yüzüncü ildönümü ilə əlaqədar fotosərgi təşkil edilib, həmçinin erməni daşnakları və terrorçularının vəhşilyindən bəhs edən videoçarx gün ərzində nümayiş olunub.