Elman Rüstəmovu məhkəməyə verdilər – 82 nəfərdən 81 milyonluq İDDİA
Mərkəzi Bankın sədri Elman Rüstəmov, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlı və bir qrup vəzifəli şəxs məhkəməyə verilib.BakuPost xəbər verir bu barədə iqtisadçı Əkrəm Həsənov məlumat verib. O bildirib ki, məhkəməyə verən şəxslər “Bank Standard”ın bir qrup əmanətçisidir.
Ə. Həsənovun sözlərinə görə, 82 əmanətçi bankın müflisləşməsində təqsirli olan şəxslərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Nəsimi rayon məhkəməsində 6 kollektiv iddia irəli sürüb. Təqsirkarlardan vurulan zərərin əvəzi – 47,5 mln. dollardan çox məbləğin ödənilməsi tələb olunur. Bu, təxminən 81 mln. manat təşkil edir.
İqtisadçı qeyd edib ki, ümumilikdə əmanətçilərin bu bankda 157 mln. manatı qalıb və yaxın vaxtda digər əmanətçilər də bu iddialara qoşulacaq: “İddiada əsas sübut kimi Ali Məhkəmə tərəfindən təsdiq olunmuş Ləğv Planına istinad olunur. Belə ki, Ləğv Planında “Bank Standard”da uzun illər boyu baş vermiş kobud qanun pozuntuları ətraflı təsbit edilib. Yekunda da qeyd olunub ki, 1,2 mlrd. manat borcu olan bankın cəmi 196 mln. manatlıq əmlakı var və buna görə də əmanətçilərə 1 qəpik də qaytarılmayacaq”.
Bu və digər sübutlara əsasən əmanətçilər hesab edir ki, aşağıdakı şəxslər bankın müflisləşməsində təqsirkardır:
1. Mərkəzi Bank, habelə şəxsən onun sədri Elman Rüstəmov və baş direktoru Rəşad Orucov (bank nəzarətinə görə məsul olmuş “Bank Mamed”in kürəkəni). Onların əsas vəzifəsi səmərəli bank nəzarətinin həyata keçirilməsi (əmanətçilərin maraqlarını qorumaq üçün) olduğu halda, əksinə, “Bank Standard”dakı qanun pozuntularına ən azı göz yumub, tədbir görməyib, üstəlik bankı yeri gəldi-gəlmədi kreditləşdiriblər.
2. Bankın auditoru olmuş “KPMG”. Bankın auditini qeyri-obyektiv həyata keçirib və onun maliyyə vəziyyəti barədə ictimaiyyətdə yanlış təəssürat yaradıb. Məsələn, 2012-2013-cü illər üzrə təxmini 15 mln. manat zərərin olduğunu bildirib. Halbuki, artıq o zaman zərər xeyli çox olub.
3. Bankın İdarə Heyətinin keçmiş sədrləri Səlim Kriman və Abbas Nəsibov. Onların qanunsuz əməlləri elə Ləğv Planında birbaşa qeyd olunub. Krimanı hüquq-mühafizə orqanları tərəfindən axtarılır. Nəsibov isə son illərdə bankda auditin həyata keçirilməsinə imkan verməyib. Devalvasiya ilə əlaqədar banka dəymiş 197 mln. manat zərərə görə də Abbasovun təqsiri araşdırılmalıdır.
4. Maliyyə Bazarlarına Nəzarət Palatası, habelə şəxsən onun Direktorlar Şurasının sədri Rüfət Aslanlı və baş icraçı direktoru İbrahim Alışov, habelə bankın sağlamlaşdırılması dövründə İdarə Heyətinin sədri olmuş Xalid Əhədov. Bu şəxslər bankın 2016-cı ilin may-sentyabr aylarında həyata keçirilmiş “sağlamlaşdrma” proseduruna görə suçludurlar. Belə ki, həmin prosedur Nazirlər Kabinetinin qərarı və planı olmadan aparıldığı üçün qanunsuz olub. Daha sonra, Ləğv Planında birbaşa qeyd olunur ki, bu prosedur uğursuz olub və bank əlavə iri itkilərə məruz qalıb. Üstəlik Mərkəzi Bankın həmin dövrdə banka ayırdığı 115 mln. manatın taleyi müəmmalıdır.
Ə. Həsənov əlavə edib ki, Azərbaycan məhkəmələri iddiaları təmin etmədiyi təqdirdə əmanətçilər Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədirlər.