31 Mart – Soyqırımı Günü ABŞ-da anılıb
1918-ci ildə Azərbaycan xalqına törədilmiş soyqırımının 100-cü ildönümü ilə əlaqədar 27 mart 2018-ci il tarixində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunda geniş anma tədbiri keçirilib.
Konsulluqdan Aktor.Az-a verilən məlumata görə, tədbirdə Azərbaycan icmasının üzvləri, müxtəlif xarici ölkələrin Los Ancelesdəki baş konsulları, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, həmçinin dost yəhudi, türk, Pakistan, İran, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Tədbiri açan Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımının tarixindən bəhs edərək, bu soyqırımının Azərbaycan xalqının məruz qaldığı qanlı faciələr sırasında özünün ağır və dəhşətli nəticələri ilə seçildiyini bildirib. Baş konsul çıxışı zamanı həmin illərə aid sənədlər və fotofaktlar təqdim edərək, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhəri də daxil olmaqla, ölkəmizin bir sıra digər şəhər və rayonlarında törədilən kütləvi qırğınlar nəticəsində minlərlə dinc sakinin ermənilər tərəfindən amansızcasına qətlə yetirildiyini vurğulayıb. Quba rayonunda törədilən qətliamda müsəlman azərbaycanlılarla yanaşı böyük sayda yəhudilərin də erməni daşnakları tərəfindən öldürüldüyünü qeyd edən N.Ağayev tarixən Azərbaycanda qardaşlıq şəraitində yaşamış müsəlman və yəhudilərin 1918-ci ildə Azərbaycanın bolşevik-daşnak işğalına qarşı birgə müqavimət göstərdiklərini diqqətə çatdırıb. Baş konsul qeyd edib ki, bütün bu soyqırım tarixinə, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalına və 1 milyondan çox azərbaycanlının etnik təmizləməyə məruz qoyulmasına baxmayaraq, bu gün Ermənistandan fərqli olaraq Azərbaycan xalqı öz övladlarına nifrət hissləri aşılamır, əksinə gənc nəsli xalqlar və dinlərarası qarşılıqlı hörmət, tolerantlıq dəyərləri ilə yetişdirir. Bu isə Azərbaycan xalqının yüksək mənəviyyatından və mədəniyyətindən xəbər verir.
Sonra Kaliforniyada nəşr olunmuş “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifi, amerikalı journalist Raul Kontreras (Raoul Contreras) çıxış edərək, xalqımızın başına gətirilən faciələri yaxından araşdırdığını, XX əsr ərzində ermənilərin azərbaycanlılara qarşı insanlığa zidd millətçilik, müntəzəm deportasiya və mədəni irsimizin məhv edilməsi vasitəsilə davamlı soyqırımı siyasəti həyata keçirdiyini bildirib.
Çıxışlardan sonra müsəlman, xristian və zərdüşt din xadimləri tərəfindən soyqırıma məruz qalan azərbaycanlıların ruhuna dualar oxunub.
Sonra Los Ancelesdə fəaliyyət göstərən pianoçu Ceyson Abrams (Jason Abrams), azərbaycanlı skripkaçı Elvina Qurbanova və azərbaycanlı gənc vokalist, beynəlxalq müsabiqələr laureatı, prezident təqaüdçüsü Emin Eminzadənin ifalarında Azərbaycan və dünya klassikasından həzin musiqi əsərləri təqdim olunub.
Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.